AZ

Kreditlə alış-veriş edənlərin nəzərinə

Son illər Azərbaycanda bank kreditlərindən əlavə “daxili kredit” anlayışı da geniş yayılıb. Xüsusilə mağazalar, tikinti şirkətləri və bəzi xidmət müəssisələri vətəndaşlara birbaşa öz adlarından kreditlə satış təklif edirlər. Bəs daxili kredit nədir, digər kreditlərdən nə ilə fərqlənir və hansı hallarda daha sərfəlidir?Metbuat.az-ın məlumatına görə, daxili kredit bank və ya kredit təşkilatı deyil, malı və ya xidməti təqdim edən şirkətin öz müştərisinə verdiyi ödənişli borcdur. Yəni alıcı bankdan kredit götürmür, birbaşa həmin mağaza və ya şirkətlə müqavilə bağlayır və borcu mərhələli şəkildə ona ödəyir. Əsas fərq ondan ibarətdir ki, daxili kreditdə bank vasitəçi olmur. Bu səbəbdən sənədləşmə daha sadə olur, bəzən arayış və ya zamin tələb edilmir, faiz dərəcəsi ya çox aşağı olur, ya da ümumiyyətlə “faizsiz” elan edilir. Bank kreditlərində isə rəsmi müqavilə, kredit tarixçəsi, gəlir arayışı və əlavə xərclər (komissiya, sığorta və s.) daha çox olur. Vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də hansının daha sərfəli olması ilə bağlıdır, lakin bu,konkret şərtlərdən asılıdır. Qısa müddətli və kiçik məbləğ üçün daxili kredit çox vaxt daha sərfəli olur. Uzunmüddətli və böyük məbləğlər üçün isə bank kreditləri daha təhlükəsiz və şəffaf sayılır. Bəzi daxili kreditlərdə məhsulun qiyməti əvvəlcədən şişirdildiyi üçün “faizsiz” olsa belə, faktiki olaraq daha baha başa gələ bilər. Daxili kreditdən əsasən məişət texnikası mağazalarında, mobil telefon və elektronika satışı zamanı, avtomobil salonlarında və mənzil satışını həyata keçirən tikinti şirkətlərində istifadə olunur. Bu kreditdən 18 yaşdan yuxarı, şəxsiyyət vəsiqəsi olan və daimi gəliri olan şəxslər yararlana bilirlər. Nəzərə alınmalıdır ki, daxili kreditlərdə maksimal məbləğ limiti olur. Bu limit satılan məhsulun və ya xidmətin dəyərindən, müştərinin gəlirindən və şirkətin daxili qaydalarından asılı olaraq dəyişir. Məsələn, məişət texnikası üçün bu limit bir neçə min manat ola bilər, mənzil və avtomobil satışında isə on minlərlə manata qədər yüksələ bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
10
metbuat.az

1Mənbələr