AZ

Belçikanın Baş naziri Trampı “acgöz tırtıl”aBƏNZƏTDİ

Belçikanın Baş naziri Bart De Veber ABŞ Prezidenti Donald Trampı Qrenlandiya ilə bağlı açıqlamaları fonunda “çox ac bir tırtıl”a bənzədib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Daily Mail" qəzeti məlumat yayıb.

Trampın özünü müttəfiq kimi deyil, fərqli şəkildə apardığını bildirən Belçika hökumətinin başçısı amerikalı yazıçı Erik Karlın “Çox ac tırtıl” adlı uşaq kitabına istinad edib. Sözügedən kitabda tırtıl həddindən artıq acgöz olduğu üçün sonda mədəsi ağrıyır.

“Düşünürəm ki, artıq şirin sözlər dövrü bitib. Elə bir məqam yetişir ki, nəzakətli danışıq və yaltaqlıq əks-effekt verir. Bu, onları daha bir addım irəli atmağa təşviq edir – bu da elə ‘Çox ac tırtıl’dır”, – deyə De Veberin sözlərini qəzet sitat gətirib.

Qeyd edək ki, Donald Tramp yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ-ın İkinci Dünya müharibəsindən sonra Qrenlandiyanı Danimarkaya qaytarmaqla “çox ağılsız addım atdığını” bildirib. O, ABŞ-ın Qrenlandiyanın Danimarkadan alınmasına nail olmaq niyyətində olduğunu və bunun ərazidə genişmiqyaslı “Qızıl Günbəz” adlı raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsi məqsədi daşıdığını qeyd edib.

Xədicə BAXIŞLI

Seçilən
114
redaktor.az

1Mənbələr