AZ

Qadın yeniyetmə qızı 25 il ev köləsi kimi saxlayıb

Britaniyada dəhşətli insan alveri və istismar faktı üzə çıxıb.

Editor.az xəbər verir ki, Metro qəzetinin məlumatına görə, İngiltərədə 10 uşaq anası olan Amanda Vixson adlı qadın yeniyetmə yaşlarında olan bir qızı 25 ildən artıq müddətdə ev köləsi kimi saxlamada ittiham olunur.

Araşdırmalar zamanı məlum olub ki, 16 yaşlı qız 1995-ci ildə Amanda Vixson tərəfindən əsarət altına alınıb və 2021-ci ilə qədər onun evində saxlanılıb. İstintaq materiallarına əsasən, qız uzun illər ərzində mütəmadi olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb. Onun dişlərinin süpürgə sapı ilə sındırıldığı, boğazına qab yuma deterjanı töküldüyü, üzünə ağardıcı maddə səpildiyi və saçlarının dəfələrlə zorla qırxıldığı müəyyən edilib.

Bundan başqa, qıza çox az miqdarda yemək verildiyi, evdən çıxmasına icazə verilmədiyi və gecə saatlarında gizlicə yuyunmağa məcbur edildiyi bildirilib. O, zorakılıq hədələri altında ev işlərini görməyə məcbur edilib. Qızın saxlanıldığı evin vəziyyəti də son dərəcə acınacaqlı olub — divarlarda kif, tökülmüş suvaqlar, arxa həyətdə isə tullantılarla dolu bir mühit hökm sürüb.

Hadisə şübhəlinin oğullarından birinin polisə məlumat verməsindən sonra üzə çıxıb. Qurban tapılarkən artıq 40 yaşdan yuxarı olub. Onun həddindən artıq arıq olduğu, dodaqlarında və üzündə çoxsaylı çapıqların olduğu, başının qırxıldığı, diz üstə işləmək və döşəmələri ovmaq səbəbindən ayaqlarında böyük qabarların yarandığı qeyd edilib.

Amanda Vixson ona qarşı irəli sürülən kölə əməyindən istifadə ittihamlarını qəbul etmir. Məhkəmənin yekun qərarının 12 mart tarixində açıqlanacağı bildirilir. Təqsiri sübuta yetirilərsə, qadını 10 ilədək həbs cəzası gözləyir.

 

//Gülnarə Abasova, Editor.az

Seçilən
43
editor.az

1Mənbələr