AZ

Məmur psixologiyasında kök salmış toxunulmazlıq sindromu ... Çətir yox, şöhrətpərəstlik islanıb

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Şəhidlərin ruhu qarşısında başıaçıq dayanmaq yox, kameraların qarşısında “statusu qorumaq” bu ölkədə hələ də əsas prioritetdir. 20 Yanvar kimi müqəddəs bir gündə Şəhidlər xiyabanında yaşanan “çətir hadisəsi” bunu bir daha üzə çıxardı. Problem bir çətirin açılıb-açılmamasında deyil. Problem məmur psixologiyasında kök salmış şöhrətpərəstlik və toxunulmazlıq sindromundadır.

Bu ölkədə məmur hələ də özünü cəmiyyətin xidmətçisi yox, vitrində saxlanılan fiqur kimi görür. Onun üzərinə günəş də düşməməlidir, yağış da. Çünki islanan imic, zədələnən status sayılır. Çətir burada sadəcə əşyadır əslində isə o, rütbə ilə insan arasındakı görünməz məsafənin simvoludur.

Məsələnin daha acı tərəfi isə bu davranışın illərlə normal sayılmasıdır. İctimai tədbirlərdə məmurun arxasında addımlayan köməkçilər, çanta daşıyan əməkdaşlar, qapı açan müşavirlər artıq heç kəsi təəccübləndirmir. Cəmiyyət buna öyrəşib. Ta ki, həmin görüntü sosial şəbəkədə “trend” olana qədər.

Bu dəfə də belə oldu. Bir neçə saniyəlik video yayıldı və birdən-birə hamı şoka düşdü: necə yəni məmura çətir tutulur? Halbuki sual başqa olmalı idi: niyə bu görüntü bizə yad gəlmədi?

Daha paradoksal məqam isə odur ki, bu şöhrətpərəstliyin cəzasını yenə sistemin ən aşağı həlqəsi çəkdi. Çətir tutan şəxs işdən çıxarıldı, amma bu psixologiyanı yaradan, onu illərlə bəsləyən düşüncə toxunulmaz qaldı. Yəni simvol cəzalandırıldı, səbəb yox. Əgər bu ölkədə doğrudan da sadəlik, təvazökarlıq və vəzifənin müvəqqəti olduğu mesajı verilmək istənilirsə, bunun yolu tabeliyində olanı qurban verməkdən keçmir. Bunun yolu məmurun özündən başlayır kameraların qarşısında yox, gündəlik davranışda.

20 Yanvar günü yağış altında çətir tutulması yox, şöhrətpərəst məmur mədəniyyəti ifşa olundu. Təəssüf ki, yenə də nəticə dəyişmədi. Çünki bu ölkədə hələ də islanan məmurdan çox, islanan imicdən qorxurlar.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
icma.az

1Mənbələr