AZ

“Bir gün İtaliyada çalışacağıma əminəm” - Tedeskonun məşqçiliyə gəlişi necə olub?

Joze Mourinyonun sınıq-salxaq vəziyyətdə qoyub getdiyi “Fənərbaxça”nı Domeniko Tedeskonun dirçəldə biləcəyini az adam proqnozlaşdırardı. Amma 40 yaşlı mütəxəssis komandaya pozitiv ab-hava gətirərək nəticələri yaxşılaşdırdı.

"Football-plus.az" xəbər verir ki, o, Superkubokun finalında “Qalatasaray”ı yenməklə “Fənərbaxça”nın başında ilk, məşqçi karyerasında ikinci titulu qazandı.

Tedesko bugünlərdə İtaliyanın məşhur “Qazetta dello Sport” nəşrinə müsahibə verib. Bu mütəxəssisin uşaqlıq illəri Almaniyada keçsə də, o, İtaliyada – Kalabriya bölgəsində doğulub. Elə müsahibəsində də İtaliya xatirələri və başqa məqamlar ilə bağlı maraqlı ifadələr işlədib.

- Sizi bir qədər yaxından tanıyaq. Tedesko kimdi?
- Sakit təbiətli insanam və fikrimcə, bu, müsbət məqamdı. İşimdə stressli vəziyyətlərin olmasına alışmışam. Mən fikrimi əsas məqama yönəldə bilirəm və çalışıram ki, bəhanələr axtarmayım. Mənə görə xarakterimdə əsas qüsur odu ki, özümdən lap çox şey tələb edirəm. Ona görə də qələbədən doyunca zövq ala bilmirəm...

- Belə sakit insan italyana nə dərəcədə bənzəyir?
- Kalabriyada doğulmuşam. 2-3 yaşıma qədər Bokkilyeroda yaşamışam. Sonrakı illərdə yay aylarında tez-tez ora qayıdırdım. Asfalt üzərində keçirilən futbol turnirlərini gözəl xatırlayıram. Ordakı matçları izləmək üçün bütün qəsəbə toplaşırdı. Yeri gəlmişkən, Domeniko Berardi də orda oynayırdı. Düzdü, məndən 9 yaş kiçikdi. O vaxtlar hələ yaşı çox az idi. Amma hiss olunurdu ki, güclü uşaqdı. Meydanda dərhal başqalarından seçilirdi.

- Belə çıxır ki, Tedeskonun İtaliya yığmasının başına keçməsi və Berardini çalışdırması böyük bir hadisə ola bilərdi. İtaliya Futbol Federasiyası ilə danışıqlarınız oldumu?
- Bəli, müəyyən danışıqlar apardıq. Onların mənə maraq göstərməsi çox xoşuma gəlmişdi. Adımın bu önəmli vəzifəyə namizədlər arasında hallanması mənim üçün böyük fəxr oldu. Ancaq sonradan Qattuzo ilə anlaşdılar və buna da çox sevindim. Qattuzonu hələ futbol oynadığı illərdən bəyənirəm. Məşqçi kimi də önəmli özəlliklərə malikdi. İşinə bağlıdı, əsl peşəkardı və qalib mentallığına malikdi. Ən əsası ikimiz də kalabriyalıyıq.

- Belə çıxır ki, növbəti addımınız A seriyası ola bilər?
- Hazırda “Fənərbaxça”da məni hər şey qane edir, çox xoşbəxtəm. Amma gələcəkdə bir gün İtaliyada çalışacağıma əminəm. Bir çox insan mənə “İtaliyada nə edəcəksən” sualını verir. İtaliya futbolunun həmişə qəlbimdə xüsusi yeri var. “Quelli che il calcio”nu (1993-98-ci illərdə İtaliyanın “RAİ 3” kanalında yayınlanan futbol verilişi – red.) izlədiyim dönəmlərdən belədi...

- A seriyasında ən çox xoşladığınız stadionu və oyunçunu seçə bilərsizmi?
- “Marassi” stadionu (Genuyadakı “Luici Ferraris” stadionunu nəzərdə tutur – red.) çox gözəldi. Sonrakı pillələrə “San Siro”nu, eləcə də “Yuventus”un stadionunu və Berqamodakı arenanı qoyardım. “Leyptsiq”in başında səfərdə “Atalanta” ilə qarşılaşmış və o stadiondakı ab-havanı görmüşdüm. Futbolçu olaraq isə Bastonini seçərdim. Onu həm topla, həm də topsuz oyunda çox bəyənirəm.

- “Fənərbaxça”ya Genduzinin transferini tələb etdiz və ilk oyundaca “Qalatasaray”a qol vurdu.
- Komanda üçün ən doğru seçim oldu. İlk dəfə söhbət edəndə onun gözlərində kəskin bir ifadə gördüm. Məşqin səviyyəsi, eləcə də taktiki gedişlər haqda mənə müxtəlif suallar ünvanladı. Başqa hansısa futbolçunun belə etdiyini görməmişdim.

- “Fənər”in növbəti transferinin Nkunku olub-olmayacağı “Milan” fanatlarını çox maraqlandırır. Klublar arasındakı danışıqlar prosesi nə yerdədi?
- Bu mövzuda olan şayiələri və söz-söhbəti anlayıram. Nkunkuya çox böyük hörmətim var. “Leyptsiq”də mənim rəhbərliyim altında əla futbol sərgiləmişdi. 2022-ci ildə onunla birlikdə klub tarixinin ilk titulunu – Almaniya kubokunu qazanmışdıq. Amma qış transfer dönəmində çox qəribə şeylər baş verə bilir. Kimi transfer edəcəyinə tam qərar verə bilmirsən. Çünki bu mövzu tam səndən asılı olmur. Açığı, bu transfer dönəmində Nkunkunun Türkiyəyə gəlmək ehtimalının yüksək olduğunu düşünmürəm.

- Bəs Şkrinyarın İtaliyaya dönmək ehtimalı nə qədərdi?
- Onu buraxmağım mümkün deyil. Şkriyar bizim üçün həm meydanda, həm də meydandan kənarda çox önəmli futbolçudu. İnsan kimi də əla keyfiyyətlərə malikdi. Həmişə oynamaq, komandaya yardım etmək istəyir. Mən də onunla həmfikirəm. Ümumiyyətlə, “Fənərbaxça”da güclü futbolçular toplaşıb. Qapıda Ederson var. Müdafiənin önündə Alvares, Asensio var. 24 yaşı olan və məncə, indidən əla performans sərgiləyən Oostervoldeni də xüsusi qeyd edərdim.

- Sənaye və maşın mühəndisliyi diplomuna malik olmağın həyatda sizə nə kimi faydası dəyib?
- Bu, mənə müəyyən düşünmə tərzi qazandırıb. Eyni zamanda, həyata fərqli gözlə baxmağıma yardım edib.

- Futboldan başqa həyatda hansısa işlə məşğul olmusuzmu?
- “Daymler“ şirkətində təxminən iki il ərzində akustika məsələləri ilə maraqlanmışdım. Bir “Mersedes” maksimum dərəcədə səssiz olmalıdı və həmin illərdə biz də məhz bunun üzərində çalışırdıq.

- Bu sahədən məşqçiliyə keçidiniz necə baş tutdu?
- “Hoffenhaym”ın akademiyasında çalışırdım. 2017-ci ilin martı idi. O vaxt ikinci bundesliqada çıxış edən “Ertsgebirge”nin prezidenti mənə zəng vurdu. “Onsuz da, demək olar, aşağı liqaya düşmüşük, gəl gələcəyimizi birlikdə quraq” dedi. Mən də “xeyr, hələ aşağı liqaya düşməmişik, yerimizi qorumağa cəhd edək” dedim. İlk 5 matçın dördündə qalib gəldik və liqadakı yerimizi qoruduq.

- Karyeranızın ən çətin dönəmi hansı olub?
- İlk dəfə “Şalke-04”də işləyərkən qovulmuşdum. Mənim üçün çox duyğusal bir məsələ idi. Çünki fantlarımızla gözəl münasibət qurmuşdum.

Seçilən
15
football-plus.az

1Mənbələr