AZ

Mühərrik həcmi kiçik olan və nisbətən yeni avtomobillərin idxalı avtomobil parkının yenilənməsi prosesini sürətləndirir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2025-ci ildə Azərbaycan 2 milyard 387 milyon dollar dəyərində 123 319 ədəd cəmi avtomobil idxal olunub. Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 29.4%, miqdar ifadəsilə 34.3% artıb. O cümlədən, 2024-cü ildə Azərbaycana 1 milyard 844 milyon dollar dəyərində 91 838 ədəd cəmi avtomobil gətirilib.

Ötən il Azərbaycana minik avtomobillərinin idxalı 113 840 ədəd ikən, əvvəlki ildə 82 434 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 38% artıb.

2025-ci ildə avtomobil idxalının miqdar baxımından bu qədər artmasının əsas səbəbləri nələrdir?Elektrikli və hibrid avtomobillərin payı bu idxalda nə qədərdir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hibrid avtomobillərin sayında artım müşahidə olunur, lakin elektromobillərə maraq bir qədər azalıb: “Ölkədə nəqliyyat vasitələrinin sayının artması, ilk növbədə, iqtisadiyyatın dayanıqlılığı ilə bağlıdır. Bununla yanaşı, əhalinin sayının artması da nəzərə alınmalıdır. İşğaldan azad olunmuş ərazilərdə həyatın yenidən dirçəlməsi, insanların geri qayıdışı nəqliyyat vasitələrinə olan tələbi artırır. Onu da qeyd etmək lazımdır ki, taksi sektorunda əvvəl istismar olunan köhnə və yararsız avtomobillər dövriyyədən çıxarılaraq yeni, həmçinin ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə əvəz olunur”.

Eldəniz Cəfərov

“Statistikaya diqqət yetirsək, Çindən idxal olunan hibrid avtomobillərin sayı əvvəlki illərlə müqayisədə 2025-ci ildə kəskin şəkildə artıb. Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri dedikdə həm hibrid, həm də elektromobilləri nəzərdə tutsaq, onların payı ümumi avtomobil sayında təxminən 30-40% civarındadır. Hibrid avtomobillərin sayında artım müşahidə olunur, lakin elektromobillərə maraq bir qədər azalıb. Əvvəlki illərlə müqayisədə hazırda ölkəmizə idxal olunan avtomobillərin böyük hissəsi ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir. Bununla yanaşı, mühərrik həcmi kiçik olan və nisbətən yeni avtomobillərin idxalı da artıb ki, bu da avtomobil parkının yenilənməsi prosesini sürətləndirir. Qeyd etdiyim səbəblərə görə tələb varsa, təbii ki, ölkədə nəqliyyat vasitələrinin sayı da artacaq”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
bizimyol.info

1Mənbələr