AZ

Kağız üzərində artan sürət... Bakının başına bəla olan avtobus zolaqları stress, risk və xaos mənbəyinə çevrilib

ain.az bildirir, Bizimyol portalına istinadən.

Son illər Bakıda nəqliyyatın “islahat” adı altında üzləşdiyi əsas problemlərdən biri avtobus zolaqlarıdır. Kağız üzərində ictimai nəqliyyatın sürətini artırmaq üçün nəzərdə tutulan bu zolaqlar reallıqda minlərlə sürücü üçün gündəlik stress, risk və xaos mənbəyinə çevrilib. Ağ şəhərdən 8 Noyabr prospektinə çıxış bunun ən bariz nümunələrindən biridir.

Məsələ təkcə tıxacda gözləmək deyil. Problem planlaşdırmadadır. Sürücü əvvəlcə piyadaya yol verməlidir, sonra sol tərəfdən gələn maşın axınını gözləməlidir, üstəlik, avtobus zolağına girməmək üçün ikinci zolağa “tullanmaq” məcburiyyətində qalır. Bu isə artıq yol hərəkəti qaydası yox, şans oyunudur: avtobus gələcək, ya gəlməyəcək?

Avtobus zolaqları Bakıda bir növ toxunulmaz əraziyə çevrilib. Harada məntiqli, harada təhlükəli, harada lazımsız olduğu sual altına alınmır. Əsas odur ki, zolaq var. Qalanını sürücü düşünsün. Nəticədə sürücü qayda pozmağa məcbur qalır, amma məsuliyyət yenə onun üzərində qalır.

Ən təhlükəlisi isə budur ki, bu cür yerlərdə qəza ehtimalı göz görə-görə artır. Sağdan dönmənin faktiki olaraq mümkünsüz olduğu bir nöqtədə sürücünü ikinci zolaqla dönməyə məcbur etmək açıq-aşkar təhlükəsizlik riskidir. Amma görünən odur ki, bizdə tədbirlər qəzadan sonra görülür. Əvvəl hadisə baş verməlidir, sonra işıqfor quraşdırılmalı, ya da yol nişanları dəyişdirilməlidir.

İctimai nəqliyyatın inkişafı vacibdir, buna söz yoxdur. Amma bu inkişaf fərdi nəqliyyatın hesabına, sürücünü çıxılmaz vəziyyətə salmaqla olmamalıdır. Avtobus zolağı ictimai nəqliyyata üstünlük verməlidir, amma ağlı, ölçüsü və məntiqi olan yerdə. Bir neçə on metrlik zolağın nə avtobusa real faydası var, nə də ümumi hərəkətə.

Bakıda avtobus zolaqları artıq rahatlıq yox, problem simvoluna çevrilib. Sürücülər qaydanı pozmaq istəmədikləri halda buna məcbur edilirlər. Bu isə idarəetmə boşluğunun, real yol şəraitinin nəzərə alınmamasının göstəricisidir.

Əgər məqsəd doğrudan da təhlükəsiz və rahat hərəkətdirsə, onda sürücülərin illərdir dediyi bir cümləyə qulaq asmaq lazımdır: yol layihələri kabinetdə yox, yolun üstündə yoxlanmalıdır. Əks halda Bakının “avtobus zolağı problemi” hələ uzun müddət sürücülərin başına bəla olacaq.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
bizimyol.info

1Mənbələr