Bu gecə “Qarabağ” yenə tarix yazdı. Amma bu dəfə tarix təkcə tabloya yox, gözlərə də yazıldı. Xüsusən də Qurban Qurbanovun gözlərinə…
Tofiq Bəhramov stadionunda son fit səslənəndə hər şey bir anlıq dayandı. Tribunalar partladı, futbolçular bir-birinə sarıldı, amma kənarda bir an vardı ki, bütün gecənin simvoluna çevrildi. Qurban Qurbanov sevinc göz yaşlarını gizlətmədi. Gizlədə də bilməzdi. Çünki bu, adi qələbə deyildi. Bu, illərin yükünün, susqunluğun, səssiz mübarizənin göz yaşları idi.
O göz yaşlarında nə vardı? Tənqid vardı. İnamsızlıq vardı. “Bu qədər də olmaz” deyənlərə cavab vardı. O göz yaşlarında Ağdam vardı, köçkün illəri vardı, meydansız keçən mövsümlər vardı. O göz yaşlarında “yenə də ayaqdayıq” deyən bir məşqçinin iç dünyası vardı.
“Qarabağ” bu oyunda Almaniyanın “Ayntraxt”ına qarşı 3 qol vurdu. Amma əsl qolu Qurban Qurbanov vurdu – səbrlə, inadla, futbol ağlı ilə. O, bu komandanı sadəcə oynatmadı, böyütdü. Addım-addım, il-il, ağrı-acı ilə. Və bu gecə o yolun haqqı verildi.
Qurban müəllim üçün bu qələbə taktika deyildi, plan deyildi. Bu qələbə ömürdən bir parça idi. Ona görə də sevinc göz yaşları saxta deyildi, tamaşa üçün deyildi. O göz yaşları futbola həsr olunmuş bir ömrün səmimi etirafı idi.
Tribunadakı minlərlə insan da onu anladı. Çünki o göz yaşları bizim də gözümüzün dolmasına səbəb oldu. Biz o an anladıq ki, bu qələbə təkcə “Qarabağ”ın yox, bu futbolun arxasında susaraq çalışan bir adamın qələbəsidir.
Bu gecə “Qarabağ” qalib gəldi. Amma bu gecənin ən güclü kadrı Qurban Qurbanovun dolan gözləri idi. Çünki bəzən bir məşqçinin göz yaşları on qol qədər dəyərli olur.
Və Avropa bunu gördü.
“Qarabağ”ı da, Qurban Qurbanovu da.
Əli Səfərli,
NOCOMMENT.az