“Penalti epizodu üçün oyunun gedişində çox məyus idim. Matç gedə-gedə də qol vurmaq barədə düşünürdüm. Son saniyələrdə buna nail olduğum üçün çox şadam. Sevinirəm ki, qələbə qazandıq”.
QOL.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”a qarşı keçirilən oyunun son saniyələrində vurduğu qolla “Qarabağ”a 3:2 hesablı qələbə qazandıran Bəhlul Mustafazadə deyib.
Matçdan sonra jurnalistlərin suallarını cavablandıran müdafiəçi Çempiolar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olmasına belə münasibət bildirib: “Əlbəttə ki, bu, çox xoşdur. Lakin komandanın qələbəsi daha önəmlidir. Komandamızın məqsədi qələbə qolunu vurmaq idi. Fərqi yox idi kim fərqlənəcəkdi. Əsas odur ki, istəyimizə çatdıq və qalib gəldik”.
O, ötən tur “Ayaks”a məğlubiyyətdən sonra psixoloji cəhətdən çətinlik çəkdiklərini vurğulayıb: “Ayaks”a məğlubiyyətdən sonra çox tənqid olunduq. Təbii ki, haqlı tənqidlər də var idi. Komanda olaraq toparlanmağı bacardıq. Hədəfimiz pley-offa vəsiqə qazanmaq idi. Bu baxımdan bu gün çox vacib addım atdıq. Lakin hələ işimiz tam bitməyib. Ümid edirəm ki, pley-offa vəsiqə qazanacağıq”.
B.Mustafazadə son turda səfərdə “Liverpul”a qarşı keçiriləcək matçdan da söz açıb: “Rəqib haqda çox danışmağa ehtiyac yoxdur. “Liverpul”un gücü məlumdur. Bununla belə, səfərə xal və ya xallar üçün gedəcəyik. Bu gün Avropanın aparıcı klubları ilə pley-off uğrunda mübarizə aparmağımız xoşdur. Düşünürəm ki, pley-offa vəsiqə qazanmaq şansımız var və komanda şəklində buna nail olmaq istəyirik. Hədəfimiz budur. Ümid edirəm ki, bacaracağıq”.