AZ

Radiasiya yayır, batareya partlayır... Replika və naməlum markalı telefonlar təhlükəlidir?

Son zamanlar sosial şəbəkələrdə ya məşhur firmaların mobil telefonlarının replikaları, ya da görünüşcə onlara bənzəyən, lakin tanınmayan markalara məxsus telefonlar reklam olunur. Çox ucuz olması səbəbindən bu cür mobil telefonlar həm böyüklər, həm də uşaqlar üçün alınır. Bir çox insanlar bu telefonları almağa üstünlük versə də, bir qisim onların batareyalarının sertifikatsız olduğunu, standartlara uyğun istehsal edilmədiyini, bu səbəbdən partlayış riski daşıdığını və güclü radiasiya yaydığını iddia edirlər. Bəs görünüşü eyni, qiyməti isə qat-qat aşağı olan bu növ mobil telefonları almaq tövsiyə edilirmi?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən telefon təmiri üzrə mütəxəssis Nizami Mikayılovun sözlərinə görə, radiasiya məsələsi əsaslandırıla bilər: “Belə cihazlar dünya standartında özünü doğrulda bilmədiyindən məşhur deyillər. Bu səbəbdən yalnız xarici alış-veriş saytlarında reklam edilərək iqtisadi zəif ölkələrə satılır. Üstəlik istər dublikat telefonların, istərsə də məşhur olmayan markaların telefonlarının heç bir ehtiyat hissəsi satışa çıxarılmır. Amma batareyaların partlaması əsassız iddiadır. Replika telefonlar sadəcə göstəriş üçün təqdim olunur. İşləmə funksiyası, ekran və funksional sürəti olduqca zəif olur. Bu tip telefonlarda kamera və RAM/yaddaş çipseti də zəifdir. Uşaqlar üçün bu cür telefonlar almaqdansa, ikinci əl olsa belə, tanınmış mobil telefon markalarına üstünlük vermək daha məqsədəuyğundur”.

 

İT mütəxəssisi Vahid Qasımov bildirib ki, replikalar zahiri olaraq bənzədilir: “Qeyri-rəsmi çıxarıldığına görə qeyri-peşəkar hazırlanır və qəti şəkildə zahiri görkəmdən başqa originalların bir funksiyasını daşımaz. Məşhur brend smartfon modellərinin dizaynını kopyalayan saxta telefonlarla əlaqədar bunu deyə bilərəm ki, əlbəttə ki, brendlərdən 5-10 dəfə daha ucuz satılan məhsuldan eyni keyfiyyəti gözləmək sadəlövlükdür. Bu cür məhsulları ucuz qiymətə alan şəxslər irəlidə daha yavaş işləməsi, donması, standart əməliyyat sisteminə sahib olmadığı üçün tətbiqlərin hamısını dəstəklənməməsi, rəsmi servisin olmaması və ehtiyat hissələsinin tapılmaması kimi problemləri əvvəlcədən nəzərə almalıdır. Ancaq həmin cihazlarda radiasiyanın daha güclü olması, batareyaların partlaması kimi söhbətlər şaiyələrdir. Çünki həmin məhsulların texniki xüsusiyyətlərinə baxdığımızda, onların standart hissələrdən yığıldığını müşahidə edirik. Ehtiyat hissələri baxımından onlar brendlərin ucuz modellərindən heç bir şeyi ilə fərqlənmir. Məşhur brendlərin belə həm 100, həm də 3000 dollara olan modelləri var. Hər kəs öz büdcəcinə görə bir model seçə bilər. Seçim zamanı, məhsulu görünüşünə görə yox, texniki parametrlər və əməliyyat sisteminə görə nəzərə alınmalıdır. Çünki parametrlər zəif olanda, cihazın donmasına, qeyri-standart əməliyyat sistemi olanda, tətbiqlərin tapılmama problemləri ilə qarşılaşmağınız mümkündür”.

 

Şəhanə Quliyeva

Tarix: 22 Yanvar 2026, 08:02   
Seçilən
83
pravda.az

1Mənbələr