AZ

Azərbaycanın rəqəmsal transformasiyası: “Dell Technologies” ilə tərəfdaşlıq yeni imkanlar açır

Bakı, 22 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycanın “Dell Technologies” ilə apardığı danışıqlar və sonrakı əməkdaşlıq ölkədə rəqəmsal infrastrukturun inkişafına və qabaqcıl texnologiyaların tətbiqinə uzunmüddətli investisiyalar üçün platforma yaradır, qarşılıqlı fayda və strateji inkişafı təmin edir.

AZƏRTAC xəbər verir ki, “Dell Technologies” ilə əməkdaşlıq Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Müasir həllərin və infrastrukturun tətbiqi ölkənin rəqəmsal texnologiyalar sahəsində mövqelərini möhkəmləndirməyə, süni intellektin inkişafını sürətləndirməyə, dövlət və kommersiya IT sistemlərinin dayanıqlığını təmin etməyə imkan verəcək. “Dell Technologies” üçün isə bu tərəfdaşlıq perspektivli bazara çıxış, innovativ layihələrin həyata keçirilməsi və qabaqcıl texnoloji həllərə və bulud xidmətlərinə tələbatın artdığı regionda mövqelərin möhkəmləndirilməsi imkanlarını açır.

“Dell Technologies” aparat təminatının istehsalı, proqram təminatının hazırlanması, eləcə də bulud və rəqəmsal həllərin təqdim edilməsi üzrə ixtisaslaşmış aparıcı qlobal IT şirkətlərdən biridir. Şirkət 35 ildən artıqdır fəaliyyət göstərir, 180-dən çox ölkədə nümayəndəliklərə malikdir və serverlər, məlumatların saxlanması sistemləri, şəbəkə avadanlıqları, bulud platformaları, kibertəhlükəsizlik və süni intellekt üzrə həllər də daxil olmaqla geniş məhsul və xidmət portfelini idarə edir. “Dell Technologies” məlumat mərkəzlərinin yaradılması, bulud infrastrukturunun inkişafı və qabaqcıl texnologiyaların dövlət və korporativ sistemlərdə tətbiqi üzrə layihələri fəal şəkildə həyata keçirir.

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda dünyanın aparıcı IT şirkətlərindən biri olan “Dell Technologies”in Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonald ilə görüşüb.

Görüş zamanı vurğulanıb ki, Azərbaycanda mövcud olan əlverişli investisiya mühiti xarici investorlar üçün də cəlbedicidir. “Dell Technologies”in Azərbaycandakı fəaliyyəti və bu şirkətin iştirakı ilə ölkəmizdə superkompüter mərkəzinin yaradılması qeyd olunub, onun süni intellekt və qərarların qəbulu sahəsində resurslarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə IT infrastrukturunun yaradılması və modernləşdirilməsi, şəbəkə avadanlıqları, məlumatların emalı mərkəzləri və bulud infrastrukturu layihələri, o cümlədən müasir data-mərkəzlərin layihələndirilməsi və tətbiqi üzrə əməkdaşlıq məsələləri də müzakirə edilib.

Seçilən
34
1
azertag.az

2Mənbələr