AZ

Məhkəmə 2 uşaq anasının ölümünə səbəb olan rezidentura kursu keçməyən həkimlə bağlı qərar çıxardı

Ali Məhkəmədə ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, Aybəniz Almuradova 2024-cü il iyunun 11-də liposaksiya əməliyyatı üçün "Reo-Med" klinikasına müraciət edib və iyulun 2-də həyatını itirib.


Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Babək Mahmudov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 9 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.


Qeyd: Dünyasını dəyişən A.Almuradova iki azyaşlı uşaq anası olub.


İstintaq zamanı müəyyən edilib ki, Babək Mahmudov 2023-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin "müalicə işi və profilaktika" fakültəsini bitirsə də, anesteziologiya-reanimatologiya ixtisası üzrə rezidentura kursu keçməyib. Həmin sahə üzrə praktik tibbi fəaliyyətlə məşğul olması üçün sertifikasiya şəhadətnaməsi almayıb. "Reo-Med" klinikasına əmək müqaviləsi bağlanmadan çalışırmış.


Müəyyən edilib ki, əməliyyatdan əvvəl xəstənin nevroloji vəziyyəti, ürək fəaliyyəti nevropatoloq tərəfindən dəyərləndirməyib. "Markain" adlı dərmanın istifadəsindən əvvəl xəstənin allergik reaksiyasının olub-olmadığını müəyyən edilməyib.


Kamal Məmmədov 

Tarix: 22 Yanvar 2026, 08:18   
Seçilən
111
pravda.az

1Mənbələr