Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Tutu Kərimovanın (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovunın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İş materiallarına görə, hadisə 10 iyun 2023-cü il tarixdə saat 11 radələrində Xaçmaz rayonu ərazisində qeydə alınıb.
Belə ki, Tutu Kərimova həmin ərazidə yerləşən məsafədə yerləşən və zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) istifadəsində olan mübahisəli bağ sahəsinə gələrək gilas yığıb. Bu zaman zərərçəkmiş şəxs onun gilas yığmasına mane olub və üzərinə su sıçradıb. Bunu bəhanə edən Tutu hadisə yerindən götürdüyü kərpiclə qəsdən D.D.-nin sol ayağına zərbə vurub, həmçinin əli ilə boyun və sağ qol nahiyələrinə xəsarətlər yetirib. Nəticədə zərərçəkmiş şəxsə sol aşıq-topuq nahiyəsinin hematoması, boyun və sağ said nahiyəsinin sıyrıqları kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilib və sağlamlığın qısa müddətə pozulmasına səbəb olunub.
Bundan başqa, Tutu Kərimova 08 avqust 2023-cü il tarixdə saat 11 radələrində eyni ərazidə D.D.-nin istifadəsində olan həmin mübahisəli bağ sahəsinə gələrək, orada fındıq yığan zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) qarşı zorakı hərəkətlər törədib. İttihama görə, o, 10 iyun 2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı S.S.-in ictimai borcunu yerinə yetirərək Xaçmaz Rayon Polis Şöbəsində ona qarşı şahid qismində ifadə verməsini bəhanə edib.
Belə ki, Tutu D.D.-nin köynəyindən tutaraq çəkib yerə yıxdıqdan sonra qəsdən əlləri ilə boyun, kürək və sinə nahiyələrinə, təpiklə isə sağ qoluna zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsə boyunun, sol kürək nahiyəsinin, döş qəfəsinin ön-sol tərəfinin sıyrıqları, həmçinin sağ bazunun hematoması (dəri altı qan yığılması) kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilib və sağlamlığın qısa müddətə pozulmasına səbəb olunub.
Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə Tutu Kərimova barəsində 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Həmin hökmdən məhkum, eləcə də zərərçəkmiş şəxslər apellyasiya şikayətləri veriblər. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin edilməyib. Qərara əsasən, Xaçmaz Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Tutu D.D.-yə qarşı 10 iyun 2023-cü il tarixdə törətdiyi əməl üzrə təqsirli bilinib, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməyib. Zərərçəkmiş S.S.-ə qarşı törədilmiş əməl üzrə isə o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılıb. Həmin qərardan Tutu, eləcə də zərərçəkmiş S.S.-in nümayəndəsi tərəfindən kassasiya şikayətləri verilib. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, kassasiya şikayətlərinə qarşı isə etiraz təqdim edilməyib.
Kamal Məmmədov