AZ

Videoya çəkdiyinə görə həmyerlisinin barmağını sındıran şəxs amnistiyaya düşdü

Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Əlikram Baxışovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum ona təyin edilmiş islah işləri cəzasından azad edilib.


İttiham aktına görə, Əlikram Baxışov 2024-cü il yanvarın 7-də, saat 15 radələrində MMC-lərdən birinin İmişli rayonu, Qızılkənd kəndində yerləşən filialının inzibati binasının yanında həmkəndlisinə məxsus çayxana kimi fəaliyyət göstərən obyektdə olub. Həmin vaxt Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxış prosesini zərərçəkmiş Səlim Kərimov (adı, soyadı şərtidir) mobil telefon vasitəsilə videogörüntüyə çəkib. Bu zaman təqsirləndirilən şəxs özünün həmin görüntüyə düşməsi səbəbindən onunla mübahisə edib. Mübahisə zamanı Əlikram fiziki güc tətbiq edərək zərərçəkmiş şəxsin sol əlinin barmaqlarından tutub arxaya doğru qatlayıb burub.


Nəticədə Səlimin sol əlinin 4 və 5-ci barmaqlarında şişkinlik və qançır, 5-ci barmağın 3-cü falanqasının qeyri-tam boylama sınığı (çatı) yaranıb, bu xəsarətlər sağlamlığa yüngül zərərvurma dərəcəsində qiymətləndirilib.


İmişli Rayon Məhkəməsinin hökmü ilə o, 1 100 manat məbləğində cərimə cəzasına məhkum edilmişdi. Təqsirləndirilən şəxsdən 2 000 manat məbləğində mənəvi ziyanın alınıb verilməsi barədə zərərçəkmiş şəxsin mülki iddiasının təmin edilməməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmişin isə apellyasiya şikayəti qismən təmin olunub, İmişli Rayon Məhkəməsinin hökmü həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilib. Əlikram Baxışovun aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib. Mülki iddia qismən təmin olunub, təqsirləndirilən şəxs mənəvi ziyana görə 300 manat məbləğində pul tutularaq iddiaçı ödənilməsi qərara alınıb.


Kamal Məmmədov 

Tarix: 22 Yanvar 2026, 08:59   
Seçilən
82
1
pravda.az

2Mənbələr