AZ

Azərbaycanın sülh və yüksəliş təcrübəsi dünyaya nümunədir

Prezident İlham Əliyevin Avrasiya üçün özünəməxsusluq formulu

Prezident İlham Əliyev yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilmiş panel iclasda maraqlı məqamlara toxundu. Yazımızda onlardan biri üzərində dayanacaq, həmçinin, digər əlaqəli məqamlara diqqət yetirəcəyik.

Arayış üçün bildirək ki, Serbiya Prezidenti Aleksandr Vuçiç sözügedən paneldə müasir dünyada müəyyən prinsiplərə riayət edilməməsindən, bunun sülh və sabitliyə vurduğu zərərlərdən söz açmışdı. Dövlətimizin başçısı isə cənab Vuçiçin dedikləri fonunda mövcud qarışıq durumda vəziyyətdən çıxmağın, hazırkı şokların təsirini yumşaltmağın yollarına dair sualı cavablandırmış, konkret mexanizm üzərində dayanmışdı.

Əvvəla, onu deyək ki, Prezident İlham Əliyev cavabı ilə panelin mövzusundakı Avrasiya anlayışını iki şərti yerə böldü. Azərbaycan da daxil olmaqla yaşadığımız coğrafiya ayrı, dünya, xüsusən Avropa bir ayrı. Ölkəmizin liderinin bu mənada dilə gətirdiyi “o, sizin gündəliyinizdən asılıdır” mesajı bir çox mətləblərdən xəbər verir. Necə deyərlər, niyyətin hara, mənzilin ora. Yaxud, nə əkmisinizsə, onu da biçirsiniz.

Bəli, dünyadakı bir çox problemlər, o cümlədən, hazırkı qarışıqlıq niyyət və maramlardakı fəsadın məhsuludur. Nəzərə alaq ki, İlham Əliyev gələcəklə bağlı fikir yürüdərkən “o, sizin planınızdan, gələcəyə baxışlarınızdan asılıdır” deyib. Yəni planlar və baxışlar düzgün olacaqsa, dünya üzləşdiyi hazırkı mürəkkəb vəziyyətdən qurtulacaq.

Dövlətimizin başçısı Azərbaycanı düşdüyü ağır durumdan çıxmaq baxımından dünyaya nümunə göstərir və Ermənistanla 30 illik münaqişəyə toxunaraq deyir ki, “biz bir ölkə, bir xalq kimi çox ağır vaxtlar yaşamışıq: ərazilərin itirilməsini, milyonlarla insanın evsiz qalmasını və məcburi köçkünə çevrilməsini görmüşük. Lakin ümidimizi itirmədik. Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etməkdə cəsarətimizi itirmədik. Bu, bizdən 30 il aldı. Həmin vaxt, 30, 20 və 10 il əvvəl və indi beynəlxalq təsisatların davranışı dəyişmədi. Biz dəyişdik bunları. Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq”.

Onu da nəzərə alaq ki, Prezident İlham Əliyev yuxarıda diqqətə çatdırdığımız fikirləri səsləndirdikdən dərhal sonra artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimizin alt-üst olduğunu vurğulayıb. Axı vəziyyəti öz əlimizə alanadək ali beynəlxalq qurum olan BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarından erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnaməsinin kağız üzərində qaldığını, ATƏT və digər beynəlxalq təsisatların çoxsaylı sənədlərinin bir işə yaramadığını görmüşdük: “Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq”.

Bəli, Azərbaycan sülhə öz gücü və iradəsi hesabına nail olub. Bu reallığı artıq bütün dünya bilir və heç şübhəsiz, moderatorun Prezident İlham Əliyevə ünvanladığı sual da reallığın dərki və qəbulundan qaynaqlanır. Ölkəmiz və xalqımız İkinci Qarabağ müharibəsindəki əzmini təkcə işğalçı Ermənistana deyil, eyni zamanda, bütövlükdə ədalətsiz dünyaya qarşı göstərdi və özünün ədalət formulunu diktə etdi. Elə bir formulu ki, qayəsində sülh və barış dayanır.

Prezident İlham Əliyevin ardınca dedikləri həmin tezisin sübutudur: “Biz dayandıq. Otuz il əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli və vacib qərar idi. Biz davam edə bilərdik. Mən sizinlə və burada əyləşənlərlə çox açıq danışmaq istəyirəm. Ancaq belə olduğu halda, bu sonsuz müharibələr daha çox əziyyət və qurbanlar ilə nəticələnəcəkdi. Beləliklə, müharibə heç vaxt bitməyəcəkdi. Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına gəldik”.

Əslində, Azərbaycan Ermənistanla sülhə nail olmaqla heç də tam fərqli yöntəm seçməyib. Ölkəmiz hazırda kompromissiz dünyanın, xüsusən, Avropanın keçdiyi yolu təkrarlayıb. Nəzərə alaq ki, “qoca qitə”nin tarixində çox dərin düşmənçilik səhifələri var. Amma zamanla Avropa daxili nifaq səhifəsini kənara qoydu.

Əlbəttə, indi əsas məsələ bu deyil. Çünki dünya, böyük ölçüdə, sülh üçün imkanları görməyəcək qədər barışmaz davranır. Barışmazlıq özünü 2022-ci ildən davam edən Rusiya–Ukrayna müharibəsində, Yaxın Şərqdəki qeyri-sabit durumun ayrı-ayrı fraqmentlərində göstərir. Bunun əksinə olaraq, Cənubi Qafqazda Prezident İlham Əliyevin təbirincə desək, düşmənçilik fəsli bağlanıb.

Əlbəttə, Azərbaycanın yaratdığı reallığın Ermənistan tərəfindən dərki də önəmlidir. Buna görə dövlətimizin başçısı sülh üçün imkanları görməklə bağlı qərarın Azərbaycan və Ermənistan liderlərinin birgə qərarı olduğunu açıqlayır: “Dediyim kimi, artıq bu, rekord bir sürətlə baş verdi - müharibədən, 2023-cü ilin sentyabr ayının ciddi hərbi toqquşmasından 2025-ci ilin avqust ayınadək. Həmin vaxt mən və Ermənistanın Baş naziri bəyannaməni imzaladıq və sülh sazişi Prezident Trampın iştirakı ilə paraflandı. O isə həmin bəyannaməni şahid kimi imzaladı. Dediyim kimi, biz həmin müharibəyə dünyanın bir nömrəli ofisində son qoyduq”.

Prezident İlham Əliyevin sülh xüsusunda səsləndirdiyi fikirlərdəki əsas məqam beynəlxalq təsisatlara arxalanmağın lüzumsuzluğu ilə bağlıdır. Nikbinlik elə bu lüzumsuzluğun dərkindədir. Ona görə də dövlətimizin başçısı Prezident Vuçiçin bədbinliyini bölüşmür. Ölkəmizin liderinin mövcud durumdan təklif etdiyi çıxış yolu sadədir. Bir halda ki, beynəlxalq təsisatlar iflic durumdadır, o zaman ədalət prinsipini əsas götürməklə davranmaq lazımdır. Mövcud trayektoriyada başlıca məqam vəziyyətin nəzarətə götürülməsi, milli maraqlara və xalqa bağlılıqdır. Qətiyyətlə deyə bilərik ki, milli maraqlara söykənmək və xalqa bağlılıq Prezident İlham Əliyevin uğur formulunun əsasını təşkil edir. Bu formul özlüyündə dünyanın ədalətsiz düzəninə qarşı müqavimət yönümlüdür.

Əminliklə onu da deyə bilərik ki, Azərbaycanın milli maraqlara söykənmiş kursu çoxtərəfliliyin, birtərəfliliyin və proteksionizmin iflasa uğradığı hazırkı durumda yeganə çıxış yoludur. Bu yol, eyni zamanda, suverenliyin, o cümlədən iqtisadi suverenliyin qorunmasına əsaslanır ki, Prezident İlham Əliyev məsələyə ölkəmizin Ümumdünya Ticarət Təşkilatına qoşulmamaq qərarı ilə izah verib.

Azərbaycan Prezidentinin izahı təsadüfi deyil. Çünki iqtisadi suverenlik əldən çıxsa, siyasi suverenliyin mövcudluğundan danışmağa dəyməz. Buna görə də “biz siyasi suverenliyə malik olmaqla yanaşı, müxtəlif tərəflərlə yaxşı münasibət saxlamaq istəyirik”, - deyən Prezident İlham Əliyev ölkəmizin Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlığa dair sənədlər imzaladığını vurğulayır, paralel olaraq Çin ilə hərtərəfli strateji tərəfdaşlıq sazişinə malik olduğumuzu bildirir, habelə, ABŞ ilə Strateji tərəfdaşlıq xartiyasının müzakirə edildiyini xatırladır.

Deməli, ölkəmizin ayrıca çoxtərəflilik vektoru var. Heç şübhəsiz, bu vektor gələcəyimizin təminatı, mürəkkəb kataklizmalara qarşı dayanıqlılıq təminatımızdır. Elə bir təminat ki, bütövlükdə Cənubi Qafqaz üçün önəmlidir: “Bütün bunlar mümkündür və bir-biri ilə ziddiyyət təşkil etmir. Ölkə və onun gələcəyi ilə bağlı aydın baxışa malik olduqda, gücə sahib olduqda və vahid mövqedən çıxış edən cəmiyyətin olduğu təqdirdə haqqınızda və gördüyünüz işlər barəsində kimin nə dediyinin və nə məqalə dərc etdirməsinin heç bir əhəmiyyəti yoxdur”.

Sonda bir məqamın üzərində dayanaraq deyək ki, Prezident İlham Əliyev Davosda müxtəlif təmaslarda Ermənistanla sülh kontekstini dünyanın mürəkkəb siyasi kataklizmalarına adekvat mütərəqqi düzən kimi təbliğ etdi. Həm bu təbliğat, həm də ölkəmizin keçdiyi yolun ayrı-ayrı mərhələlərini yada salmaq Azərbaycanı dünyaya nümunə kimi göstərir.

Nəzərə alaq ki, beynəlxalq aləmə nümunə ampluasında olan respublikamız Ermənistanla sülh gündəliyinin doğurduğu nikbinliyin faydalarını bölüşmək baxımından da nümunədir. Axı Cənubi Qafqazda sülh və sabitlik dünya üçün böyük iqtisad mənfəət vəd edir. Deməli, bu düzənə qarşı çıxmaq, onu pozmağa cəhd göstərmək doğru olmaz. Ümid edək ki, beynəlxalq miqyasda bunu dərk edən tərəflər hansısa lokal siyasi məqsədlər güdənlərdən daha çoxdur.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
39
1
xalqqazeti.az

2Mənbələr