AZ

Dünya İqtisadi Forumu Davosu tərk edə bilər – FT

Dünya İqtisadi Forumunun (WEF) təşkilatçıları onilliklərdir İsveçrənin Davos şəhərində keçirilən illik toplantıların başqa məkana köçürülməsi imkanını müzakirə edirlər. Financial Times qəzetinin yazdığına görə, buna səbəb forumun miqyasının böyüməsi və Davosun mövcud logistika, infrastruktur və təhlükəsizlik baxımından artan tələblərin öhdəsindən gəlməkdə çətinlik çəkməsidir.

Məlumata əsasən, bu təşəbbüsün əsas tərəfdarlarından biri investisiya nəhəngi BlackRock-un baş direktoru və WEF İdarə Heyətinin müvəqqəti həmsədri Larri Finkdir. Qeyri-rəsmi müzakirələrdə Fink forumun daha az elitist və daha inklüziv formatda keçirilməsinin vacibliyini vurğulayıb. O, tədbirin ya daimi olaraq başqa şəhərə köçürülməsi, ya da növbəli şəkildə müxtəlif şəhərlərdə təşkili ideyasını gündəmə gətirib. Mümkün alternativlər sırasında Detroyt (ABŞ), Dublin (İrlandiya) və digər iri şəhərlərin adı çəkilir.

Bu müzakirələr WEF rəhbərliyində baş verən dəyişikliklər fonunda aparılır. Təşkilatın qurucusu Klaus Şvabın 2025-ci ildə istefasından sonra forumun idarəçiliyi müvəqqəti rəhbərlik qrupuna keçib və bu da WEF-in gələcək strategiyasının yenidən nəzərdən keçirilməsinə səbəb olub.

Ənənəvi olaraq Davos Forumu qlobal iqtisadiyyat, texnologiya və siyasət sahəsində əsas problemlərin müzakirəsi üçün minlərlə dövlət və hökumət başçısını, iri şirkət rəhbərlərini və ekspertləri bir araya gətirir. Lakin məhdud infrastruktur, xüsusilə mənzil çatışmazlığı və təhlükəsizliklə bağlı çətinliklər bəzi iştirakçı və təşkilatçıları dəyişikliklər barədə düşünməyə vadar edir.

Bununla belə, Dünya İqtisadi Forumu rəsmi mövqeyində Davosu hələ də “tarixi və praktik məkan” kimi dəstəklədiyini bildirir. Forumdan ciddi iqtisadi fayda əldə edən İsveçrə hökuməti və yerli biznes strukturlarının isə tədbirin başqa yerə köçürülməsinə qarşı çıxacağı ehtimal olunur.

Seçilən
2
veteninfo.az

1Mənbələr