AZ

Mərkəzi Asiya ilə artan əməkdaşlıq Bakıya nə qazandırır?

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son dövrlərdə Azərbaycanın Qazaxıstan və Özbəkistanla ticarət və enerji sahələrində əməkdaşlığının genişlənməsi Bakının Mərkəzi Asiya ilə əlaqələrini yeni mərhələyə daşıyır. Formalaşan bu regional şəbəkə ölkənin tranzit, enerji və istehsal imkanlarını genişləndirməklə yanaşı, geosiyasi müstəvidə də diqqət çəkir.

Bu inteqrasiyanın hansı sahələrdə real iqtisadi dönüş yaratdığı və prosesin Rusiyanın regional maraqları ilə hansı dərəcədə uzlaşdığı əsas müzakirə mövzularındandır.

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Qazaxıstan zəngin enerji resurslarına malikdir, Özbəkistanın da müəyyən potensialı var. Lakin əsas məsələ Qazaxıstanın enerji resurslarının Azərbaycanın üzərindən -Bakı-Tiflis-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çıxarılması imkanlarıdır. Bu, həm Azərbaycanın tranzit gəlirlərini artıra, həm ölkənin strateji əhəmiyyətini yüksəldə, həm də Qazaxıstan və Özbəkistan üçün əlavə ixrac və logistika kanalları formalaşdıra bilər.

Ekspertin sözlərinə görə, xüsusilə Qazaxıstan və Türkmənistan enerji resursları baxımından çox zəngindir. Hazırda bu resurslar əsasən svop müqavilələri və ya tanker daşımaları vasitəsilə Azərbaycanın üzərindən məhdud həcmdə ixrac olunur. Lakin gələcəkdə bu imkanların genişləndirilməsi və həcmlərin artırılması üçün real potensial mövcuddur:

"Özbəkistanla isə artıq bir sıra kooperasiya əlaqələri qurulub. Ticarət, investisiya, birgə müəssisələrin yaradılması, sənaye parkları və müxtəlif əməkdaşlıq formatları mövcuddur. Bu əlaqələr Azərbaycanla Özbəkistan arasında münasibətlərin daha da inkişafına, eyni zamanda Azərbaycanda yeni istehsal sahələrinin formalaşmasına imkan yaradır".

Müsahibimiz bildirib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə layihələrin maliyyələşdirilməsi üçün xüsusi fondlar yaradılıb. Həm Azərbaycan-Özbəkistan xətti üzrə, həm də türk dövlətləri arasında bu mexanizmlər müxtəlif birgə layihələrin həyata keçirilməsinə şərait yaradır.

Xalid Kərimli: Mərkəzi Asiya ölkələrinin öz resurslarını Avropa bazarına çıxarmaq ehtiyacı var

X.Kərimlinin dediyinə görə, Azərbaycan rəhbərliyi də sonuncu inaqurasiya mərasimində açıq şəkildə bəyan edib ki, növbəti dövrdə ölkə üçün əsas strateji beynəlxalq platforma Türk Dövlətləri Təşkilatıdır. Bu baxımdan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanla əməkdaşlığın genişləndirilməsi həm Azərbaycan üçün, həm də bu ölkələrin hər biri üçün əlavə gəlir və iqtisadi qazanc deməkdir:

"Bu proses Rusiyanın maraqlarına birbaşa zidd olmasa da, onun təsir dairəsinin tədricən azalmasına gətirib çıxarır. Çünki indiyə qədər Mərkəzi Asiya resurslarının və logistika dəhlizlərinin əsas hissəsi Rusiya üzərindən Avropaya yönəlirdi. Rusiya üzərinə tətbiq olunan sanksiyalar və Moskvanın Avropa ilə münasibətlərinin kəskinləşməsi Mərkəzi Asiya ölkələrinin obyektiv səbəblərdən Rusiyanın təsir dairəsindən çıxmasına yol açır".

İqtisadçının fikrincə, Rusiya bu prosesdən narahatdır, lakin hazırkı mərhələdə açıq konfrontasiyaya getmir, daha çox prosesləri izləməklə kifayətlənir. Çünki Mərkəzi Asiya ölkələrinin öz resurslarını Avropa bazarına çıxarmaq ehtiyacı var və mövcud geosiyasi kontekstdə Moskvanın bu prosesin qarşısını almaq üçün ciddi təsir imkanları məhduddur.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
bakivaxti.az

1Mənbələr