ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi elçisi Kit Kelloq lobbiçilik firması "BGR Group"un məsləhət şurasına qoşulub...
Poliqon xəbər verir ki, bu barədə şirkətin idarəedici direktoru Devid Urban bildirib.
"Dostum Kit Kelloqun indi "BGR Group"dakı həmkarım olması ilə fəxr edirəm! O, 58 ildən çox ölkəmizə şərəflə xidmət edib - əvvəlcə ordenli döyüş veteranı, sonra isə fərqlənən dövlət qulluqçusu kimi", deyə Devid Urban X sosial media platformasında paylaşım edib.
81 yaşlı Kelloq Vyetnam və Körfəz müharibələrində xidmət etmiş təqaüdçü ordu generalıdır. Donald Trampın birinci müddətində o, ABŞ Milli Təhlükəsizlik Şurasının icraçı katibi və aparat rəhbəri vəzifələrində çalışıb. 2024-cü ildə, cənab Trampın ikinci müddətində o, Rusiya və Ukrayna üzrə xüsusi elçi təyin edilib. Onun vəzifədən getmək niyyəti 2025-ci ilin noyabr ayında açıqlanıb.
"BGR Group" 1991-ci ildə Ağ Evin keçmiş köməkçiləri tərəfindən təsis edilmiş lobbiçilik və kommunikasiya firmasıdır. "Fortune" jurnalı dəfələrlə onu ABŞ-ın ən güclü lobbi təşkilatlarından biri adlandırıb.
Poliqon.info