AZ

Azərbaycanın növbəti Davos uğuru

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb. Yanvarın 23-dək davam edən Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 3 mindən çox nüfuzlu şəxs, o cümlədən 65 dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə nazirinin, 33 xarici işlər nazirinin, 11 mərkəzi bank rəhbərinin və ümumilikdə 400-ə yaxın yüksək səviyyəli siyasi lideri iştirak edib. Bu da forumun beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir.
Prezident İlham Əliyev işgüzar və məhsuldar səfər çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb, Avropanın aparıcı televiziya kanalı olan “Euronews” televiziyasına geniş məzmunlu müsahibə verib və həm də yanvarın 20-də Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edərək iclasın moderatoru Saşa Vakulinanın suallarını cavablandırıb.
Qeyd etmək lazımdır ki, bu panel iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən “Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan da iştirak ediblər.
Öz çıxışında Prezident İlham Əliyev bildirib ki, keçən ilin avqustunda hər iki tərəf arasında sülh sazişi paraflandı. Bununla da 30 ildən artıq müddətdə baş verən qanlı qarşıdurmaya son qoyuldu ki, bu da tarixi nailiyyət hesab edilməlidir. Prezidentin bildirdiyi kimi: “Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu, qiymətlərin aşağı düşməsinə imkan yaratdı”.
“Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir” – deyə ölkə başçısı bildirib.
Öz çıxışında Prezident İlham Əliyev bölgədə iqtisadi əlaqələrin genişlənməsi məsələlərinə xüsusi toxunaraq bildirib ki, Avrasiya çox böyük bir coğrafi məkandır. Müstəqillik illərində Azərbaycan bütün qonşuları ilə çox yaxın işgüzar münasibətlər qura bilib. Bu zaman Ermənistan məlum səbəblərdən istisna təşkil edir. Bu gün artıq bölgədə de-fakto sülh bərqərar olduğu üçün Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığa və ixrac əməliyyatlarına başlanılıb. Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Artıq Ermənistandan Rusiyaya yüklərin nəql edilməsi ilə bağlı müraciət daxil olub. Yaxın gələcəkdə Ermənistana məxsus yüklər birbaşa Azərbaycan vasitəsilə daşınması mümkün olacaqdır.
Azərbaycan üçün qardaş ölkə olan Türkiyə ilə çox sıx müttəfiqlik münasibətləri qurulub və Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırılıb. Hazırda Azərbaycan Gürcüstana ən böyük sərmayə qoymuş ölkələr sırasındadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Gürcüstan ərazisindən keçən dəhlizlərlə yanaşı, Amerika Birləşmiş Ştatlarının himayəsi altında həyata keçirilən və TRIPP adlanan bağlantı layihəsi Xəzər dənizindən keçərək Asiyadan Azərbaycana, Ermənistana, Azərbaycanın bir parçası olan Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya qədər uzanan yeni bir nəqliyyat dəhlizi olacaqdır. Marşrutların çoxluğu istehlakçıların, təchizatçıların və tranzit ölkələrin xeyrinədir”.
Beləliklə, son Davos Forumunu da Azərbaycan üçün uğurlu sayılmalıdır. Beynəlxalq ictimaiyyət Azərbaycanın dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığına bir daha əmin oldu. Bu isə o deməkdir ki, Azərbaycanın artan nüfuzu, regionda söz sahibi olması və qüdrətlənməsi dünyanın aparıcı siyasi və iqtisadi dairələri tərəfindən birmənalı təsdiq edilir.

Təranə Zeynalova – BDU-nin professoru, Tarix elmləri doktoru

Seçilən
1
veteninfo.az

1Mənbələr