AZ

Azərbaycanın etibarlı investisiya mühiti Avropanın diqqət mərkəzindədir

Yanvarın 19-23-də keçirilən 56-cı Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aparıcı qlobal maliyyə institutları və sənaye şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Bu görüşlər göstərir ki, ölkəmizdə mədənçilik, bərpaolunan enerji, süni intellekt və məlumat mərkəzləri xarici sərmayələrin cəlb olunması baxımından strateji investisiya prioritetləri kimi müəyyən edilmişdir. Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın institusional investorlar üçün strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdiyini təsdiqləyir.
Builki toplanrıda 130-dan çox ölkəsindən ümumilikdə 3 mindən çox nüfuzlu şəxs, o cümlədən 65 dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə nazirinin, 33 xarici işlər nazirinin, 11 mərkəzi bank rəhbərinin və ümumilikdə 400-ə yaxın yüksək səviyyəli siyasi lideri iştirak edir. Bu, forumun tarixində hökumət nümayəndələrinin rekord səviyyədə təmsil olunduğu toplantı kimi qiymətləndirilir.
Dövlətimizin başçısı hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırıb. Bu dəfə isə postmüharibə dövründə işğaldan azad olunan ərazilərimizdə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzindədir.
Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən “Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan ilə birlikdə Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edib.
Öz çıxışında Prezident İlham Əliyev bölgədə iqtisadi əlaqələrin genişlənməsi məsələlərinə xüsusi toxunaraq bildirib ki, Avrasiya çox böyük bir coğrafi məkandır. Müstəqillik illərində Azərbaycan bütün qonşuları ilə çox yaxın işgüzar münasibətlər qura bilib. Bu zaman Ermənistan məlum səbəblərdən istisna təşkil edir. Bu gün artıq bölgədə de-fakto sülh bərqərar olduğu üçün Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığa və ixrac əməliyyatlarına başlanılıb. Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Artıq Ermənistandan Rusiyaya yüklərin nəql edilməsi ilə bağlı müraciət daxil olub. Yaxın gələcəkdə Ermənistana məxsus yüklər birbaşa Azərbaycan vasitəsilə daşınması mümkün olacaqdır.
Azərbaycan üçün qardaş ölkə olan Türkiyə ilə çox sıx müttəfiqlik münasibətləri qurulub və Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırılıb. Hazırda Azərbaycan Gürcüstana ən böyük sərmayə qoymuş ölkələr sırasındadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Gürcüstan ərazisindən keçən dəhlizlərlə yanaşı, Amerika Birləşmiş Ştatlarının himayəsi altında həyata keçirilən və TRIPP adlanan bağlantı layihəsi Xəzər dənizindən keçərək Asiyadan Azərbaycana, Ermənistana, Azərbaycanın bir parçası olan Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya qədər uzanan yeni bir nəqliyyat dəhlizi olacaqdır. Marşrutların çoxluğu istehlakçıların, təchizatçıların və tranzit ölkələrin xeyrinədir”.
Bu gün Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Eyni zamanda, Çin ilə hərtərəfli strateji tərəfdaşlıq sazişinə malikik və ABŞ ilə Strateji tərəfdaşlıq nizamnaməsini müzakirə edilir. “Beləliklə, mən daha nikbinəm, xüsusilə də bizim Ermənistanla bağlı məsələmizdə. Otuz il davam etmiş müharibə və qan tökülməsindən sonra həqiqi sülhün bərqərar olması hər halda misilsiz bir hadisədir” – deyə ölkə başçısı qeyd edib.
Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində “Euronews”un təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” tədbiri bir daha göstərir ki, Azərbaycan artıq qlobal iqtisadi gündəmdə strateji qərarların formalaşdığı, uzunmüddətli investisiya baxımından etibarlı tərəfdaş kimi qəbul olunur. Tədbir zamanı aparılan müzakirələr ölkənin geosiyasi reallıqlar fonunda balanslaşdırılmış diplomatiya, institusional davamlılıq və iqtisadi rasionalizm üzərində qurulmuş inkişaf modelini aydın şəkildə nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəni qlobal kapital üçün aşağı riskli və yüksək strateji dəyərə malik investisiya məkanı kimi mövqeləndirir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan qlobal iqtisadi sistemdə passiv iştirakçı deyil, regional və qlobal proseslərə təsir göstərən fəal aktor kimi çıxış edir. Formalaşdırılan etibarlı institusional mühit, strateji coğrafi mövqe və praqmatik iqtisadi siyasət ölkənin beynəlxalq investorlar üçün cəlbediciliyini daha da gücləndirir və Davos platformasında aparılan müzakirələr bu reallığın beynəlxalq səviyyədə qəbul edildiyini bir daha təsdiqləyir.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Seçilən
13
veteninfo.az

1Mənbələr