Bakı, 22 yanvar, AZƏRTAC
Amerikada Venesuelanın neft sənayesini dirçəltməyə və bunun üçün sərmayə yatırmağa dövlət şirkəti yoxdur. “Exxon” və “Chevron” kimi iri korporasiyalar isə Venesuelanın neft sənayesinə sərmayə yatırmağa tələsmirlər. Onlar hesab edir ki, dağıdılmış sənayeni dirçəltmək üçün uzun zaman lazımdır.
AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzetinin yaydığı məqalədə ABŞ-ın Venesuelada neft sənayesini yenidən qurub hasilatı artırmaq və büdcə gəlirlərini şaxələndirmək istədiyi qeyd olunur. Lakin bunun üçün dövlət şirkəti yoxdur və özəl şirkətləri də məcbur etmək olmur.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, dünya bazarında təklif həddən artıq çoxdur. Neft hasil edən ölkələr maliyyə aktivlərini valyutada saxlayaraq neft ixracını artırır və daha çox dollar qazanmağa çalışırlar. Belə bir zamanda Venesuela nefti də bazara çıxarılsa onsuz da azalan qiymətlər daha da ucuzlaşacaq ki, bu da “Exxon” və “Chevron” şirkətlərin maraqlarına cavab vermir.
Dünyada ən çox neft ehtiyatına malik olan Venesuelada siyasi sabitliyin olmaması da şirkətləri ehtiyatlı davranmağa vadar edir. Belə bir məqamda sərmayə yatırmaq olduqca risklidir. Təcrübə göstərir ki, geosiyasi risklər burulğanında olan ölkəyə sərmayə yatırmaq nəinki səmərəsizdir, eləcədə böyük itkidir.
Qeyd etmək lazımdır ki, 1998-ci ildə Venesuelada hakimiyyətə gələn Uqo Çaves ölkədəki neft sənayesini milliləşdirdi. ABŞ-ın Venesuelada fəaliyyət göstərən “Exxon” və “Chevron” neft şirkətlərinin kapitalı və əmlakları müsadirə olundu və dövlətin balansına keçirildi. Bundan sonra milyardlarla dollar zərərə düşən şirkətlər yaxşı dərs alıblar və Venesuelaya sərmayə yatırmağa can atmırlar. Buna görə də hələlik dünya bazarında neftin qiymətinin düşməsi tendensiyası davam etsə də nisbi sabitlik müşahidə olunur.
Bir sıra analitiklərin Venesuelada hakimiyyət dəyişikliyindən sonra dünya bazarında neftin qiymətinin kəskin şəkildə düşəcəyi barədə verdikləri proqnozlar özünü doğrultmadı. Hazırda Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 64 dollardan yuxarı satılır. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti isə 59 dollardan yuxarıdır. Dünya bazarında bahalı hesab edilən Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 69 dollardan baha satılır.