AZ

Məqsədimiz budur...

İlham Əliyev: Biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq

Azərbaycan Prezidenti Davosda “Euronews” televiziyasına müsahibə verib.

Cənubi Qafqazın aparıcı aktoru, regional lider və qlobal tərəfdaş kimi Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı mövqeyini daha da möhkəmləndirir. Ölkəmiz sülhün, sabitliyin və qlobal təhlükəsizlik arxitekturasının gücləndirilməsinin ardıcıl tərəfdarı kimi tanınır və bu istiqamətdə real addımlar atır.  Azərbaycanın formalaşdırdığı bu siyasi model beynəlxalq platformalarda, o cümlədən Davos Dünya İqtisadi Forumunda da açıq şəkildə özünü büruzə verir. Bir çox dövlət başçılarının Prezident İlham Əliyevlə görüşə can atması, aparıcı beynəlxalq media qurumlarının dövlət başçısından müsahibə almaq təşəbbüsləri, müxtəlif ölkələri təmsil edən biznes və siyasi dairələrin Azərbaycan liderinin mövqelərinə xüsusi diqqət ayırması təsadüfi deyil.

Yeni erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir...

Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib ki, biz elə bir vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi: “Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”.

Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur

Vurğulandığı kimi, Azərbaycan qlobal sülhün və beynəlxalq təhlükəsizliyin ardıcıl tərəfdarlarından biri kimi çıxış edir. Postmüharibə dövründə qalib dövlət olmasına baxmayaraq, revanşizmə deyil, sülhə və əməkdaşlığa üstünlük verməsi bunun bariz sübutudur. Rəsmi Bakı bölgədə davamlı sülhün təmin olunması üçün real təşəbbüslərlə çıxış edir və konstruktiv mövqe nümayiş etdirir. Sülh təşəbbüsləri ilə yanaşı, İrəvana humanitar yüklərin öz ərazisindən daşınmasına icazə verməsi, neft məhsullarının ixracı kimi addımlar konkret nümunələrdir. Bu siyasət düşmənçilik ritorikasını deyil, qarşılıqlı etimadın formalaşdırılmasını hədəfləyir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də məhz Azərbaycanın və onun liderinin sülhpərvər fəaliyyətinə beynəlxalq səviyyədə verilən yüksək dəyərin ifadəsidir. Bu mükafat Azərbaycan modelinin qlobal miqyasda qəbul edildiyini göstərir. Dövlət başçısı müsahibəsində bildirib ki, belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır: “Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”.

Uğur qazanmağın yeganə yolu...

Prezident müsahibəsində deyib ki, Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər: “Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur”.

Prezident İlham Əliyev müsahibəsində bildirib ki, neftin qiyməti sabitdir - ən azı Azərbaycan üçün məqbul səviyyədədir. “Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilinməsinə ehtiyacı var. Ümid edirəm ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. Bizim istəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir,” - deyə bildirib.

Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığımız artmaqdadır

Bəli, Azərbaycanın enerji siyasəti yeni dünya nizamında xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Cənub Qaz Dəhlizi kimi strateji layihələr Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu möhkəmləndirib. Bu siyasət təkcə iqtisadi deyil, eyni zamanda siyasi sabitliyə xidmət edən amildir. Azərbaycan enerji resurslarını qarşılıqlı fayda prinsipinə əsaslanan əməkdaşlıq modeli təqdim edir. Bu gün Azərbaycanın qaz ixrac etdiyi ölkələrin coğrafiyası genişlənir və bu sırada Yaxın Şərq ölkələri, o cümlədən Suriya da yer alır. Bu fakt Azərbaycanın enerji siyasətinin qlobal miqyasda sabitliyə və inkişafa töhfə verdiyini bir daha sübut edir. Dövlət başçısı müsahibəsində qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır: “Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.

Biz təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikik. Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır”.

Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır

Hər bir addımında beynəlxalq hüquqa əsaslanan Azərbaycan bütün dünya ilə müsbət və konstruktiv əlaqələrin qurulmasında maraqlıdır. Lakin bu münasibətlərin əsasında hər zaman milli maraqlar dayanır. Təəssüf ki, bəzi beynəlxalq qurumlar, o cümlədən Avropa Parlamenti və AŞPA Azərbaycanın haqlı mövqeyinə qarşı qərəzli və ikili standartlara əsaslanan yanaşma sərgiləyir. Ermənistanın belə Azərbaycanla münasibətlərin normallaşmasını yüksək qiymətləndirdiyi bir dövrdə bu qurumların ədalətsiz mövqe tutması beynəlxalq hüquqa və obyektivliyə ziddir. Bu yanaşmalar sülh prosesinə xidmət etmir, əksinə, destruktiv təsir göstərir. Azərbaycan isə prinsipial mövqeyindən geri çəkilmir və beynəlxalq münasibətlərdə ədalətin, hüququn tərəfdarı olaraq qalır. Müsahibəsində Azərbaycanın Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibət bildirən Prezident İlham Əliyev deyib ki, Biz artıq buna reaksiya vermirik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir: “Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.

Pərviz SADAYOĞLU

Seçilən
4
yeniazerbaycan.com

1Mənbələr