AZ

"Regional sabitlik məsələsində prezidentin yanaşması çox aydındır" - Deputat

"Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "Euronews" telekanalına verdiyi müsahibə ölkənin regional və qlobal mövqeyini əks etdirən mühüm siyasi bəyanat oldu. Yanvarın 20-də Ümumdünya İqtisadi Forumu çərçivəsində verilən bu müsahibə Cənubi Qafqazda sülh prosesindən tutmuş beynəlxalq münasibətlərin gələcəyinə qədər geniş spektrdə məsələləri əhatə etdi".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin Davosda "Euronews" telekanalına verdiyi müsahibəni şərh edərkən bildirdi.

Onun sözlərinə görə, müsahibənin ən əhəmiyyətli hissələrindən biri Ermənistanla sülh prosesinə həsr olunub:

"Prezident İlham Əliyev açıq şəkildə etiraf etdi ki, müstəqillik tarixində Azərbaycan heç vaxt sülh şəraitində yaşamamışdır. "Biz sülh şəraitində cəmi beş-altı ay yaşayırıq və bunu öyrənirik. Bu, xüsusi bir hissdir" - bu sözlər 30 ildən artıq davam edən münaqişənin arxada qaldığını və yeni dövrün başlandığını simvolizə edir.

Müsahibədə sülh prosesinin artıq deklarativ bəyanatlardan çıxaraq praktik mərhələyə keçdiyi xüsusi olaraq vurğulanır. Prezident İlham Əliyevin qeyd etdiyi faktlar Azərbaycanın Ermənistana yük daşımaları ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırması və kritik əhəmiyyətli malların, o cümlədən neft məhsullarının təchizatına başlaması, sülhə real və qarşılıqlı faydaya əsaslanan yanaşmanın göstəricisi kimi dəyərləndirilir. Dövlət başçısının “əldə edilən nəticələrin hər iki tərəf üçün qazanc olduğu” fikri bu prosesin strateji məqsədini Qafqazda əbədi sülhün təmin olunmasını aydın şəkildə ortaya qoyur.

Prezidentin müsahibəsində Azərbaycanın enerji sahəsindəki rolunu regional və qlobal miqyasda çox aydın şəkildə görürük. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan Cənubi Qafqazda enerji ehtiyatlarına malik və onları ixrac edən yeganə ölkədir. Gürcüstan uzun illərdir, Ermənistan isə hazırda enerji ehtiyatlarını Azərbaycandan idxal edir ki, bu da ölkəmizin regiondakı strateji mövqeyini açıq şəkildə təsdiqləyir. Avropa İttifaqı ilə enerji əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı üzvünə qaz tədarük etməsi və boru kəməri qazının coğrafiyasına görə dünyada birinci yerdə olması enerji təhlükəsizliyi baxımından mühüm göstəricidir".

Parlamentari əlavə etdi ki, Avropa Parlamentinin Azərbaycana qarşı davamlı tənqidlərinə münasibətdə prezidentin mövqeyi kifayət qədər prinsipialdır:

""Biz artıq reaksiya vermirik" ifadəsi bu tənqidlərin qərəzli lobbi maraqları ilə bağlı olduğunu və onlara cavab verməyin məqsədəuyğun sayılmadığını göstərir. Avropa Parlamenti və AŞPA ilə əməkdaşlığın dayandırılması, Avropa Komissiyası ilə münasibətlərin isə davam etdirilməsi Azərbaycanın selektiv və praqmatik əməkdaşlıq xəttini açıq şəkildə ortaya qoyur.

Regional sabitlik məsələsində də prezidentin yanaşması çox aydındır. Onun fikrincə, Azərbaycan üçün potensial risklər əsasən xarici mənbələrdən gələ bilər. İran ətrafında müşahidə olunan qeyri-sabitlik fonunda sabitlik, proqnozlaşdırıla bilənlik və sülh ölkəmiz üçün əsas dəyər olaraq qalır. Bu yanaşma Azərbaycanın müharibə və işğal təcrübəsindən çıxardığı ciddi dərslərin nəticəsi kimi qiymətləndirilə bilər".

Nuriyyə NATİQQIZI

Seçilən
40
1
redaktor.az

2Mənbələr