“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu gün ağır maddələrlə müvəqqəti həbsdə olsa da, partiya üzvləri tərəfindən dəstək hiss edilmir. Görünən budur ki, ya partiya yoxdur, quru bir ad var imiş, ya da partiyanın daxilində Əli Kərimlinin idarəetməsindən böyük narazılıq hökm sürürmüş”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, hər qurultayda Əli Kərimli ona rəqib olan insanları partiyadan çıxarır, partiya üzvlərinə təzyiq edərək özünün yenidən sədr seçilməsinə nail olurdu: “Bu gün AXCP üzvləri tərəfindən Əli Kərimlinin müdafiə edilməməsi bir çox məqamlardan xəbər verir. Əslində, belə bir partiya faktiki olaraq yox idi. Onun Azərbaycan coğrafiyası üzrə ərazi təşkilatları, rəhbər orqanlarının fəaliyyəti barədə mətbuatda hər hansı məlumat da yox idi. Sədrləri həbsdə olsa da, sıravi üzvlərin həyat qayğılarını yaşamaları bir daha sübut edir ki, AXCP bir partiya kimi alınmadı. Onun görünən kiçik bir qrupu dərnək əhval-ruhiyyəsindən ayrılmadı. Hələ də 1980-ci illərin axırlarının əhval-ruhiyyəsi ilə yaşayırlar. Qurultayda AXCP üzvlərinin nə qərar qəbul edəcəkləri bir daha partiya daxilindəki əhval-ruhiyyəni göstərəcək. Həyat davam edir, Azərbaycan inkişafdadır. Azərbaycanın həyata keçirdiyi layihələr uğur qazanır. Dünənədək bizə düşmən olan Ermənistan bu gün Azərbaycanın dostları sırasında özünə yer tapmağa çalışır. Eyni zamanda beynəlxalq birliklərdə Azərbaycanın sözü eşidilməkdədir. Ötən gün isə "Qarabağ" futbol klubumuzun doğma divarlar arasında böyük qələbə qazanması da məhz Azərbaycanın qazandığı uğurlardan xəbər verir”.
Aytəkin Qardaşova