AZ

"Səlahiyyətindən istifadə edib kimsəni incitmək, alçaltmaq olmaz" - Komitə sədrindən məmurun hərəkətinə ETİRAZ

Məlum olduğu kimi, Sumqayıtda bir sahibkarın meyvələri Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən piyada səkisində satıldığı üçün kobudluqla müsadirə olunub. Məmurun bu davranışı isə hamı tərəfindən etirazla qarşılanıb.

Bəs piyada səkisində meyvə satılması, eləcə də bunun məmurlar tərəfindən müsadirəsi doğrudurmu? Həm də müsadirənin şəxsiyyəti alçaltmaqla, kobudluqla edilməsi necə qarşılanır?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Redaktor.az-a açıqlamasında bildirdi ki, küçə ticarətinin özünün də müəyyən tələbləri olmalıdır.

Onun sözlərinə görə, qayda-qanuna əməl olunmalı, gediş-gəliş pozulmamalıdır:

"Ancaq icra hakimiyyəti nümayəndələrinin də kobud davranışı qəbuledilməzdir. Əgər qayda-qanun pozulursa, insanların sərbəst hərəkətinə maneələr yaradılırsa, bu, müəyyən tələblər əsasında həyata keçirilməlidir. Yoxsa kobudluq etmək, qışqırmaq, meyvələri dağıtmaq yaramaz və sözsüz ki, bu, bir dövlət nümayəndəsinə yaraşan hərəkət deyil. Ona görə də icra hakimiyyəti nümayəndəsinin bu hərəkəti çox kəskin etiraza səbəb olub və insanlar haqlıdırlar. Hər bir kəsin mülkiyyəti onun üçün qiymətlidir və ona toxunmaq, onu dağıtmaq, onu məhv eləmək sözsüz ki, qanunvericiliyə ziddir. Ona görə də hər bir insan öz hərəkətlərinə qanunvericiliyin tələbləri səviyyəsində əməl etməlidir. Səlahiyyətindən istifadə edib kimsəni incitmək, kimsənin şəxsiyyətinə toxunmaq, kimsəni alçaltmaq əlbəttə ki, olmaz. Ona görə də belə bilirəm ki, vəzifəsi olan hər bir şəxs öz imkanlarından, öz səlahiyyətlərindən sui-istifadə etməməlidir, insanların narazılığına səbəb olmamalıdır. Yaxşı olar ki, Sumqayıt İcra Hakimiyyəti rəhbərliyi bu insan haqqında lazımi ölçü götürsün, onun hərəkətlərinə lazımi qiymət versin. Gələcəkdə belə halların baş verməməsi üçün mütləq öz vəzifəsindən sui-istifadə edən şəxs haqqında lazımi tədbir görülməlidir".

Aytəkin TOFİQQIZI

Seçilən
44
redaktor.az

1Mənbələr