AZ

Vüqar Əliyev: AZƏRTAC-la Bakı Dövlət Universiteti arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur

Bakı, 22 yanvar, AZƏRTAC

Bakı Dövlət Universiteti ölkəmizin ən qocaman ali məktəbi, jurnalistlər də daxil olmaqla bir çox sahə üzrə cəmiyyətə faydalı mütəxəssislər yetişdirən qabaqcıl təhsil ocağıdır. 1919-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universiteti bir əsrdən çoxdur ki, cəmiyyətimizə, elmimizə, təhsilimizin inkişafına xidmət edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin də məzunu olduğu bu müqəddəs təhsil ocağı, bu gün də cəmiyyətimiz üçün ziyalılar yetişdirməkdə davam edir, minlərlə gəncə müasir standartlara uyğun biliklər aşılayır. Universitetin Jurnalistika fakültəsi isə ölkəmizdə peşəkar jurnalist kadrlarının hazırlanmasında mühüm rol oynayır.

Bu sözləri Bakı Dövlət Universitetində (BDU) AZƏRTAC-ın xüsusi auditoriyasının açılışında Agentliyin İdarə Heyətinin sədri Vüqar Əliyev deyib.

“Mən tariximizin iki rəqəmini xüsusi vurğulamaq istəyirəm – 1919-cu və 1920-ci illər. Bu tarixin birincisi Bakı Dövlət Universitetinin, ikincisi isə Azərbaycan Dövlət İnformasiya Agentliyinin yarandığı illərdir. Bu il artıq universitetimiz 107, Agentliyimiz isə 106 yaşını qeyd edəcək.

Məmnuniyyətlə bildirməliyəm ki, AZƏRTAC-la Bakı Dövlət Universiteti arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlıq gənc kadrların peşəkar hazırlığı üçün geniş imkanlar yaradır. Xüsusilə Jurnalistika fakültəsinin tələbələrinin AZƏRTAC-da təşkil olunan təcrübə proqramları onlara müasir media standartlarını dərindən mənimsəməyə şərait yaradır. Təcrübə proqramını uğurla başa vuran, fərqlənən tələbələr Agentlikdə işlə təmin olunurlar”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.

O qeyd edib ki, Jurnalistika fakültəsində Agentliyin xüsusi auditoriyasının açılması cəmiyyətimiz, o cümlədən Bakı Dövlət Universiteti və AZƏRTAC üçün çox faydalı olacaq. Bu auditoriyada müxtəlif görüşlər, dərslər, təlimlər keçiriləcək. Bu da universitetin Jurnalistika fakültəsinin tələbələri üçün AZƏRTAC-ı daha əlçatan edəcək.

Seçilən
46
azertag.az

1Mənbələr