AZ

Avropa İttifaqı aeroportlarda baqajı polimer materialla sarımağı qadağan edəcək

Bakı, 22 yanvar, AZƏRTAC

Baqajlarının təyinat hava limanına zədələnmədən çatmasını təmin etmək üçün bəzi səyahətçilər çamadanlarını polimer materialla sarıyırlar. Aİ ölkələrində hazırlanan yeni qayda ətraf mühit naminə bu təcrübəyə son qoymağı hədəfləyir. Çamadanı qorumaq və ya istifadə zamanı onun partlamasının qarşısını almaq üçün polimer materialdan istifadə hava limanlarında adi haldır. Lakin bu təcrübə tezliklə sona çatacaq.

AZƏRTAC xəbər verir ki, Aİ birdəfəlik istifadə olunan polimer materiala qarşı “müharibə elan edib”. Bu materialın təkrar emalı faktiki olaraq mümkün deyil, nəticədə xeyli tullantı yaranır və bununla da planetə zərər verilir. Yeni qaydaya əsasən, 2030-cu ilə qədər (bir neçə istisna olmaqla) bütün sarıyıcı materiallar təkrar emala yararlı olmalıdır. Eyni zamanda, supermarketlərdəki plastik torbalar da 2030-cu ilə qədər tətbiq edilməsi planlaşdırılan qadağaya məruz qalır.

Aİ uzunmüddətli perspektivdə bu tədbirlər vasitəsilə 2040-cı ilə qədər qablaşdırma tullantılarını 15 faiz azaltmağı hədəfləyir. Bəzi hava limanları artıq bu qadağanı gözləyərək tədbirlər görür. Məsələn, Hannover Hava Limanı öz veb-saytında baqajın artıq polimer materialla sarılmasını qadağan edib.

Çamadanları oğurluqdan və ya zədələnmədən qorumaq üçün alternativlər mövcuddur. Belə variantlardan biri baqaj sahibinin rəqəmsal kodla aça biləcəyi TSA kilidləridir. Yoxlama zəruri olduqda, səlahiyyətlilərə baqajı açmağa imkan verən universal TSA açarı da mövcuddur. Çamadanları xarici zədələnmədən qorumaq üçün təkrar istifadə edilə bilən materiallar da mövcuddur.

 

Seçilən
23
2
azertag.az

3Mənbələr