Prezident Vladimir Putin bildirib ki, Rusiya Sülh Şurasına qoşulmaq üçün 1 milyard dollar ayırmağa hazırdır və daimi üzv statusunu təmin etmək istəyir.
O, bu haqda Təhlükəsizlik Şurasının iclasında məlumat verib.
Putin bu məbləği Rusiya Mərkəzi Bankının ABŞ-də dondurulmuş aktivlərindən götürməyi təklif edib. "The Financial Times" təxminən 5 milyard dolların dondurulduğunu yazıb.
O əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyinə Sülh Şurasına qoşulmaqla bağlı təklifi öyrənməyi, tərəfdaşlarla məsləhətləşməyi tapşırıb.
Putinin sözlərinə görə, Moskva və Vaşinqton Ukraynaya müdaxilədən zərər görmüş ərazilərin bərpası üçün ABŞ-də dondurulmuş digər Rusiya aktivlərindən istifadəni müzakirə edirlər. Putin hansı əraziləri nəzərdə tutduğunu açıqlamayıb. Bu, Ukraynanın nəzarətində qalan, ya da Rusiya ordusunun işğal etdiyi ərazilər ola bilər.
Putinin dediklərindən onun Sülh Şurasına qoşulmağa razı olub-olmadığı da aydın olmur.
Rusiya prezidenti əlavə edib ki, dondurulmuş Rusiya aktivlərindən istifadə məsələlərini yanvarın 22-də Moskvada Fələstin Muxtariyyəti başçısı Mahmud Abbas, ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cerard Kuşner ilə müzakirə edəcək.
Şuranın nizamnaməsinə görə, daimi üzv olmaq istəyən ölkələr 1 milyard dollar ödəməli olacaqlar.
ABŞ təxminən 50 dünya liderini Sülh Şurasına dəvət edib. Artıq Argentina, Azərbaycan, Ermənistan, Macarıstan, Qazaxıstan, Mərakeş, BƏƏ, Vyetnam və bir sıra digər ölkələr dəvəti qəbul edib.
İsrailin baş naziri Benyamin Netanyahu və Belarus lideri Aleksandr Lukaşenko da Sülh Şurasına qoşulmaq niyyətlərini açıqlayıblar.
Avropanın əksər liderləri, xüsusilə Fransa, Almaniya və Böyük Britaniya isə Şuraya qoşulmaqdan imtina ediblər. Trampın tənqidçilərinin fikrincə, bu təşəbbüsün niyyəti BMT-nin rolunu zəiflətməkdir.
"Cebheinfo.az"