Bakı, 22 yanvar, AZƏRTAC
Texniki reqlamentlər qüvvəyə mindikdən sonra bu reqlamentlərdə nəzərdə tutulan tələblərin yerinə yetirilməsi üçün keçid müddəti nəzərdə tutulubmu? Yerli istehsalçılar və idxalçılar üçün bu mərhələdə hansı öhdəliklər, güzəştlər və dəstək mexanizmləri tətbiq olunacaq?
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, texniki tənzimləmə sistemi məhsul və xidmətlərin keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməsi, istehlakçı hüquqlarının təmin edilməsi, eləcə də iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasında mühüm rol oynayır. Bu əsasda ölkə başçısı tərəfindən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Sözügedən Dövlət Proqramında texniki tənzimləmə sisteminin qurulması üçün zəruri olan tədbirlər və ayrı-ayrı dövlət qurumları üçün milli texniki reqlamentlərin hazırlanmasına dair tapşırıq da yer alıb. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həmin qurumların fəaliyyət istiqamətlərinə uyğun olaraq müxtəlif mal kateqoriyaları üzrə 43 milli texniki reqlament layihəsi hazırlanıb.
2025-ci il ərzində sahibkarlıq subyektləri və istehlakçıların maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə həmin texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi həyata keçirilib. Sözügedən reqlamentlər əhali tərəfindən geniş istehlak olunan yuyucu vasitələri, ətriyyat-kosmetika, yanacaq və yüngül sənaye məhsulları, tikinti materialları, tütün, elektrotexnika və radioelektronika məmulatları, uşaq oyuncaqları, uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş məhsullar, mebel və digər qeyri-qida istehlak mallarını əhatə edir.
Onu da qeyd edək ki, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yerli və xarici təsərrüfat subyektlərinə öz mallarını, onlarla əlaqəli prosesləri və istehsal metodlarını texniki reqlamentlərin tələblərinə uyğunlaşdırmaq imkanının yaradılması məqsədilə 6 ay müddət (texniki reqlamentlər qəbul edildikdən sonra) müəyyən edilib. Yerli istehsalçılar bu mərhələdə istehsal etdikləri malların texniki reqlamentlərdə yer alan təhlükəsizlik tələblərinə uyğunluğunu, idxalçılar isə müəyyənləşdirilmiş tələblərə uyğun olan malların idxalını təmin etməlidirlər.
Müvafiq qanunvericiliyə əsasən, qeyri-qida istehlak mallarının texniki reqlamentlərin tələblərinə cavab verməsini həmin mala dair uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsinin olması təsdiq edir. Bu məqsədlə agentlik tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları”na dair normativ hüquqi akt layihəsi hazırlanıb. Nazirlər Kabinetinin müvafiq Qərarı ilə 27 noyabr 2025-ci ildə sözügedən malların uyğunluğunun qiymətləndirilməsi prosedurlarına dair tələblər təsdiq edilib.
Onu da qeyd edək ki, qeyri-qida istehlak mallarının texniki reqlamentlərdə müəyyən olunmuş təhlükəsizlik normalarına uyğunluğunun qiymətləndirilməsi məqsədilə laborator sınaqları həyata keçirilməlidir. Qurulmaqda olan texniki tənzimləmə sisteminin əsas elementlərindən biri də ölkəmizdə bu sahədə fəaliyyət göstərən laboratoriya infrastrukturunun təkmilləşdirilməsi məsələsidir və Dövlət Proqramında bununla bağlı tapşırıq da nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, agentlik tərəfindən ölkədə qeyri-qida istehlak malları üzrə sınaqların aparılması imkanlarının müəyyənləşdirilməsi məqsədilə laboratoriyaların diaqnostik qiymətləndirməsi həyata keçirilib. Belə ki, beynəlxalq təcrübə və ölkə ərazisində qüvvədə olan standartlaşdırma üzrə normativ sənədlərin tələbləri nəzərə alınmaqla 34 qeyri-qida istehlak malı kateqoriyası müəyyən edilib. Bu kateqoriyalar üzrə 818 növ məhsula dair ilkin mərhələdə yoxlanılmalı olan 3817 təhlükəsizlik parametri təsbit olunub. Həmin təhlükəsizlik parametrlərinə dair 31 dövlət qurumunun tabeliyində olan sınaq laboratoriyası və 90 akkreditasiya olunmuş sınaq laboratoriyasının imkanları qiymətləndirilib.