AZ

Sülh Şurasında təsisçi üzvlük Prezident İlham Əliyevin ardıcıl sülh siyasətinə beynəlxalq etimadın göstəricisidir

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması Prezident İlham Əliyevin prinsipial, ardıcıl və nəticəyönümlü sülh gündəliyinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərən mühüm siyasi hadisədir. Prezident İlham Əliyevin bununla bağlı ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktub Azərbaycanın beynəlxalq sülh gündəliyində tutduğu mövqenin, eləcə də yeni formalaşmaqda olan qlobal siyasi arxitekturada oynamaq istədiyi rolun aydın ifadəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib.

Deputat qeyd edib ki, bu yanaşma Azərbaycanın qlobal güc mərkəzləri ilə əməkdaşlıq və dialoq xəttini seçdiyini bir daha təsdiqləyir: “Prezident İlham Əliyevin bu məktubu Azərbaycanın sülhü institusional və beynəlxalq mexanizmlər vasitəsilə dəstəkləmək niyyətində olduğunu göstərən mühüm siyasi mesajdır. Eyni zamanda, Azərbaycanın yeni dünya nizamında sülh, sabitlik və əməkdaşlıq gündəliyinin formalaşmasına töhfə vermək, tərəfdaş olmaq iradəsinin təzahürüdür”.

R. Nəbiyev vurğulayıb ki, 30 ildən çox müddətdə regional təhlükəsizliyə və əməkdaşlığa təhdid olan Ermənistan bu gün Azərbaycanın ardıcıl və mərhələli sülh təşəbbüsləri fonunda tərəfdaşlığa doğru addımlayır, ikitərəfli münasibətlər əməkdaşlıq istiqamətində mərhələli şəkildə irəliləyir. “Klassik təhlükəsizlik institutlarının effektivliyinin zəiflədiyi, regional münaqişələrin qlobal təsirlərə çevrildiyi yeni beynəlxalq siyasi şəraitdə alternativ sülh mexanizmlərinə ehtiyac açıq şəkildə hiss olunur. Bu kontekstdə Azərbaycanın Sülh Şurasının təsisçiləri sırasında yer alması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan çəkisini, eləcə də normayaratma proseslərində iştirak imkanlarını genişləndirir”, - deyə o bildirib.

Deputat sonda əlavə edib ki, Prezident İlham Əliyevin sülh gündəliyi regional kommunikasiyaların açılması, suverenliyin və ərazi bütövlüyünün tanınması, beynəlxalq hüquqa əsaslanan münasibətlər modeli üzərində qurulub. Azərbaycan bu yanaşmanı yalnız bəyanat səviyyəsində deyil, real siyasi və diplomatik addımlarla nümayiş etdirir. Sülh Şurasında təmsilçilik də məhz bu strateji xəttin davamıdır. Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində iştirakı Prezident İlham Əliyevin liderliyinə olan beynəlxalq etimadın göstəricisidir.

Seçilən
101
azertag.az

1Mənbələr