AZ

Marko Rubio: Tramp sülh naminə hər kəslə dialoqa hazırdır

Davos, 22 yanvar, AZƏRTAC

Bu, sadəcə, sülh şurası deyil, həm də fəaliyyət şurasıdır. Uzun illər beynəlxalq siyasətdə bəyanatlar, sərt ifadəli məktublar və nəticəsiz çıxışlar üstünlük təşkil edib, lakin real addımlar atılmayıb.

AZƏRTAC xəbər verir ki, bunu Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimində ABŞ Dövlət katibi Marko Rubio bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp sülh naminə hər kəslə danışmağa və əməkdaşlığa hazır olan liderdir.

Onun sözlərinə görə, bu platformada bir araya gələn liderlər konkret nəticələr əldə etməyə və işi sona çatdırmağa yönəliblər. ABŞ Dövlət katibi əlavə edib ki, bu gün yeni bir dövrün və yeni mərhələnin başlanğıcıdır və bu yanaşma bütün dünya üçün mümkün olanın nümunəsi kimi çıxış edir.

Marko Rubio ABŞ adından tədbirdə iştirak edən bütün liderlərə və təşəbbüsə qoşulmağa razılıq verən ölkələrə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, bəzi ölkələr bu gün tədbirdə təmsil olunmasalar da, daxili prosedurlar, konstitusion məhdudiyyətlər və ya qərarvermə mexanizmləri səbəbindən sonradan bu səylərə qoşulacaqlar.

ABŞ Dövlət katibi vurğulayıb ki, bu təşəbbüs uğurlu olacaq və dünyanın müxtəlif bölgələrindən fərqli tarixi, dini və mədəni mənsubiyyətlərə malik ölkələri bir araya gətirəcək. “Bizə qoşulduğunuz üçün təşəkkür edirik və bunu yüksək qiymətləndiririk”, – deyə o əlavə edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

Davos

Seçilən
80
1
azertag.az

2Mənbələr