AZ

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

Bu dünyada kiçik dövlətlər qlobal güclərin qarşıdurmasında tərəf seçərək yanlışlığa yol versələr, böyük güclərin ambisiyalarının qurbanı olarlar.

AZƏRTAC xəbər verir ki, bu ifadəni ABŞ-ın Çikaqo Universitetinin professoru, tanınmış politoloq Con Mirşaymer Ukrayna, Moldova, Gürcüstan, keçmiş Yuqoslaviya və başqa dövlətləri misal çəkərək deyib.

Vaxtı ilə Azərbaycan da böyük dövlətlərin geosiyasi burulğanına düşərək ərazisinin 20 faizini itirmişdi. Zəngin neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq ölkədə iqtisadi inkişafdan əsər-əlamət yox idi. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasətində köklü dəyişiklik baş verdi və ölkəmiz balanslaşdırılmış, heç bir tərəf tutmadan müstəqil siyasət həyata keçirməyə başladı. Bu gün bu siyasətin nəticələrini ölkəmiz hiss edir və Azərbaycan nəinki tərəf tutaraq ərazi itkisinə məruz qalmadı tam əksinə işğal altındakı ərazilərini işğaldan azad edərək yeni reallıqlar yaratdı, inkişaf istiqamətini seçdi, region və dünyaya qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq mesajları verərək Orta Dəhliz, Zəngəzur dəhlizi kimi Asiya ilə Avropanı birləşdirən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin təşəbbüskarı oldu.

Yanvarın 21-də Davosda keçirilən ənənəvi Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” kanalına müsahibə verən Prezident İlham Əliyev rasional fikirləri ilə beynəlxalq aləmdə gündəm oldu. ABŞ-ın Hardson Universitetinin elmi əməkdaşı, ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş baş direktoru, siyasi tədqiqatçı Maykl Skott Doranın Prezident İlham Əliyev haqqında dedikləri fikirləri də təsadüfi deyil. Prezidentin müsahibəsində səsləndirdiyi - “Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”, -deyə fikrini şərh edən tədqiqatçı bildirib ki, “Bu insan müasir dünyada ən istedadlı, hətta ən görkəmli dövlət xadimlərindən biridir. Beynəlxalq münasibətlərin reallıqda necə işlədiyini başa düşməsi misilsizdir”.

Hər bir dövlət müstəqil siyasət yürüdüb, təsirsiz fəaliyyət göstərməyə can atır. Lakin hər dövlətin rəhbəri buna nail ola bilmir. Azərbaycan Prezidentinin Davosdakı görüşləri və apardığı danışıqlar tərəf tutmaqdan, hansısa liderə xoş gəlib onun “çox sağ olunu” qazanmaqdan ibarət deyildi. Milli maraqları qorumaqdan, balanslı siyasət aparıb tərəfsiz olmaqdan və dünyanın bu qarışıqlıq dövründə ölkəni inkişaf etdirməkdən ibarət idi. Bu siyasəti dünya görür və qiymətləndirir. Təsadüfi deyilir ki, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosa Prezident İlham Əliyev ilə görüşü zamanı Azərbaycanın humanitar minatəmizləmə sahəsində fəaliyyətinə, həmçinin Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazır olduğunu vurğuladı. Bu real nəticədir və Azərbaycan üçün olduqca əhəmiyyətlidir.

Böyük dövlətin iddialı lideri olmaq o qədər də çətin məsələ deyil. Məsələ kiçik dövlətin böyük lideri olmaqdır ki, buna da hər siyasi xadim nail ola bilmir. Dünyada kiçik dövlətlərin sayı böyük dövlətlərin sayından xeyli çoxdur.

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr