AZ

Müharibələrə psixoloji və dini yanaşma

Yazını böyüt
Yazını kiçilt

20 yanvar faciəsi, Xocalı soyqırımı - Birinci Qarabağ müharibəsindən 30 il sonra İkinci Qarabağ Müharibəsi insanlarımızın psixologiyasına təsirsiz ötüşmədi. Bəlkə də bu səbəbdəndir ki, son günlər qonşu ölkədə baş verən etiraz dalğasında insan ölümləri, ABŞ-ın İrana təhdidi fonunda mediada və sosial şəbəkələrdə müharibə proqnozu ilə bağlı xəbərlərin artması və nəticə etibarı ilə dinc əhalinin yaşadığı müharibə xofu travmalarımızı hardasa yenidən oyadır. Psixoloji sağlamlığımıza ciddi təsir göstərən olaylar sırasında məscidlərin yandırılması da var. Yəni insanları bir də dini tərəfdən qıcıqlandırmaq yaxşı nəticələnən hal sayılmır.

Hafta.az olaraq mövzu ilə bağlı psixoloq və ilahiyyatçı yanaşma etdik.

“Müharibə xəbərləri ikincili travma yarada bilər”

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Aygün Ağabalayeva müşahidələrinə əsaslanaraq deyir ki, bu cür xəbərlərə davamlı məruz qalmaq təkcə müharibə bölgəsində yaşayanları deyil, uzaqda olan, birbaşa təhlükə ilə üz-üzə olmayan insanları da emosional baxımdan sarsıdır.

Psixoloq qeyd edir ki, ümumiyyətlə, insan beyni təhlükə xəbərlərinə çox həssasdır:

“Müharibə görüntüləri, ölüm xəbərləri və zorakılıq səhnələri beyində “təhlükə rejimi”ni aktivləşdirir. Bu isə xroniki stressə, narahatlığa və daxili gərginliyə səbəb olur. Çünki müharibə xəbərləri təkcə informasiya deyil, eyni zamanda psixoloji yükdür. Hər bir insan öz psixoloji sərhədlərini tanımalı və qorumağı bacarmalıdır. Psixoloji sağlamlıq da fiziki sağlamlıq qədər önəmlidir və ona diqqət yetirmək zəiflik deyil, məsuliyyətdir. Pasientlərimlə apardığım söhbətlərdən bu qənaətdəyəm ki, bir çox insanlarda yuxu pozuntuları, diqqət dağınıqlığı, səbəbsiz qorxu və gələcəklə bağlı ümidsizlik var. Xüsusilə empati səviyyəsi yüksək olan şəxslər və əvvəlki travmatik təcrübələri olan insanlar üçün müharibə xəbərləri ikincili travma yarada bilər. Onlar hadisəni şəxsən yaşamasa belə, psixoloji olaraq həmin ağrını öz üzərlərində hiss edirlər. Bu vəziyyət zamanla emosional tükənməyə, hisslərin keyləşməsinə və laqeydliyə gətirib çıxara bilər. Bu, insanın soyuqqanlı olması deyil, psixikanın özünü qoruma mexanizmidir”.

Uşaq və yeniyetmələrin də xüsusi risk qrupunda olduğunu vurğulayan psixoloq hesab edir ki, onlar xəbərləri böyüklər kimi analiz edə bilmədikləri üçün gördüklərini daha real və ümumiləşdirilmiş təhlükə kimi qavraya bilərlər. Bu da qorxuların artmasına, ayrılıq narahatlığına və davranış dəyişikliklərinə səbəb ola bilər. A.Ağabalayeva psixoloji sağlamlığı qorumağın bir neçə mühüm məqamına diqqət çəkdi:

“Xəbərlərin izlənilməsi nəzarətdə saxlanılmalıdır. Gün ərzində fasiləsiz müharibə xəbərləri izləmək psixikanı yükləyir. Şokedici video və görüntülərdən mümkün qədər uzaq durmaq tövsiyə olunur. İnsan öz emosiyalarını inkar etməməli, qorxu və kədərin normal insani reaksiya olduğunu qəbul etməlidir. Fiziki aktivlik, təbiətdə vaxt keçirmək və gündəlik rutinlər psixoloji tarazlığı qorumağa kömək edir. Əgər narahatlıq gündəlik həyata maneə olursa, mütəxəssis dəstəyi almaq vacibdir”.

“Məscidlər siyasi mübarizənin deyil, ibadət, sülh və mənəvi aramlığın məkanıdır”

İlahiyyatçı Tural İrfan zorakılıq, qətl hadisələrinə dini və mənəvi aspektdən yanaşır.

Hadisələrin cəmiyyətdə ciddi narahatlıq doğurduğunu vurğulayan T.İrfan vurğulyır ki, islam düşüncəsinə görə insan həyatı toxunulmazdır:

“Qurani-Kərimdə bir insanın haqsız yerə öldürülməsi bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi dəyərləndirilir. Dinc etiraz edən insanlara atəş açılması, onların həyatına təhlükə yaradılması heç bir halda dini, əxlaqi və insani dəyərlərlə uzlaşmır. Hakimiyyət, güc və ya nizam adı altında günahsız insanlara zərər vurmaq İslamın ədalət və mərhəmət prinsipinə ziddir. Digər tərəfdən, məscidlərin yandırılması və ya hər hansı müqəddəs məkanın hədəfə alınması da eyni dərəcədə qəbuledilməzdir. Məscidlər siyasi mübarizənin deyil, ibadətin, sülhün və mənəvi aramlığın məkanıdır. İslam fiqhində məscidlərin qorunması cəmiyyətin üzərinə düşən məsuliyyət kimi dəyərləndirilir. Onların təhqir edilməsi və ya dağıdılması dini simvollara qarşı zorakılıqdır və bu, haqlı etiraz anlayışını kölgə altına alır. Burada çox mühüm bir məqam var: zorakılıq zorakılıq doğurur”.

İlahiyyatçı qeyd edir ki, dövlət tərəfindən tətbiq olunan silahlı təzyiq də, etiraz adı altında müqəddəs dəyərlərə zərər verilməsi də cəmiyyəti daha dərin uçuruma aparır:

“İslam nə zalımı, nə də xaosu legitim sayır. İslam ədaləti, hikməti və islahı əsas götürür. İlahiyyat baxımından çıxış yolu dialoq, ədalətli yanaşma və insan ləyaqətinə hörmətdir. Hakimiyyət xalqın səsini eşitməli, güc nümayişi ilə deyil, ədalətlə cavab verməlidir. Etiraz edən tərəf isə haqlı tələblərini ifadə edərkən dini və mənəvi dəyərləri hədəfə almamalıdır.
Nəticə olaraq qeyd etmək istəyirəm ki, nə güllə həqiqəti boğa bilər, nə də od ədalətsizliyi gizlədə bilər. İslamın çağırışı açıqdır: zülmdən uzaq durmaq, günahsız qanı qorumaq və müqəddəs olanı siyasətin alətinə çevirməmək. Cəmiyyətin xilası zorakılıqda deyil, vicdanda və ədalətdədir”.

Arzu Zeynallı

Seçilən
63
hafta.az

1Mənbələr