"Qarabağ" Almaniya təmsilçisi "Ayntraxt"ı məğlub edərək Çempionlar Liqasında 10 xalla 18-ci yerdədir. Komandamız son turda səfərdə "Liverpul"la qarşılaşacaq. Bəs bu oyunun nəticəsi "Qarabağ"a nə vəd edir? Ağdam təmsilçisi hansı hallarda Çempionlar Liqasında növbəti mərhələyə keçə bilər? Futbol eksperti Emin Abbasov Metbuat.az-a açıqlamasında bildirib ki, dünənki qələbə ilə “Qarabağ” demək olar ki, 90 faiz ehtimalla növbəti mərhələyə – pley-offa vəsiqəni təmin edib: “Düzdür, ümumi mənzərəni nəzərə alsaq, hələ də nəticələrini gözləməli olduğumuz bəzi oyunlar var. Amma təhlil aparanda görürük ki, “Qarabağ”ın 24-lükdə qalmaq şansı çox yüksəkdir. Bu baxımdan, faktiki olaraq qarşıya qoyulan tapşırıq yerinə yetirilib. Yenə də son turu gözləmək lazımdır. Elə komandalar var ki, ümumiyyətlə “Qarabağ”a çatmaq ehtimalları yoxdur, elə cütlüklər də mövcuddur ki, həmin komandalar bir-biri ilə oynayır və bu halda iki rəqibdən biri mütləq xal itirəcək, nəticədə bizə çata bilməyəcək. Ümumilikdə isə, dediyim kimi, “Qarabağ” bu mərhələni təxminən 90 faiz təmin edib”. E.Abbasov “Liverpul” ilə keçiriləcək qarşılaşma barəsində də fikirlərini bölüşüb. Onun sözlərinə görə, belə rəqiblərlə, xüsusilə səfərdə oynamaq çox çətindir: ““Liverpul”un dünyanın ən güclü komandalarından biri olduğu aydındır. Amma istənilən halda bilirik ki, bu mövsüm “Qarabağ” artıq “Çelsi” ilə Bakıda oynayıb və heç-heçəyə nail olub. Əvvəlki illərdə “Tottenhem”lə qarşılaşmalar da olub. Yəni “Qarabağ” artıq belə səviyyəli rəqiblərlə oyun baxımından kifayət qədər təcrübə toplamış komandadır. Üstəlik, “Liverpul”un da bu mövsüm işləri elə də qaydasında getmir, İngiltərə Premyer Liqasında proseslər istədikləri kimi cərəyan etmir. Məncə, bundan istifadə etmək olar və ən azı “Anfield Road”dan heç-heçə ilə qayıtmaq mümkündür. Bu, möcüzə sayılmaz. Futboldur, təbii ki, məğlubiyyət də ola bilər, amma rəqib düşərgəsində baş verən müəyyən proseslər fonunda fürsətdən yararlanmaq şansı var”. Qeyd edək ki, Çempionlar Liqasında sonuncu turun oyunları 29 yanvar Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Sevinc İbrahimzadə / Metbuat.az