Bakı, 22 yanvar, AZƏRTAC
Bu gün Yeni Klinikada müasir səhiyyə texnologiyalardan istifadə olunaraq robotik cərrahi əməliyyat həyata keçirilib. Robotik sistem yüksək təhlükəsizlik, effektiv, müasir texnologiyalar əsasında yaradılmış müasir platformadır. Sistem uzaqdan idarəetmə, həmçinin beynəlxalq dəstək modelinə sahibdir. Hər hansı çətinlik olduqda yerli həkimlərə xaricdən dəstək göstərilə bilir.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk robotik cərrahi əməliyyatın icrasına dair keçirilən brifinqdə deyib.
Vüqar Qurbanov bildirib ki, robotik sistem özü heç bir qərar vermir və bütün qərarlar həkim tərəfindən təyin edilir: "Qan itkisi azalır, ağrı səviyyəsi aşağı olur, bu da sağalma prosesinin sürətli getməsinə kömək edir. Cihaz çoxsaylı təhlükəsizlik sistemləri ilə təchiz olunub. Yeni Klinikada əməliyyatlara rəhbərlik edəcək həkim heyəti xarici ölkələrdə təcrübə keçirib. Bu isə həyata keçiriləcək əməliyyatların yüksək səviyyədə icra olunmasına kömək edir. Bu sistem ölkəmizdə səhiyyə sisteminin inkişafına töhfə verəcək".