AZ

Deputat: Dünya miqyaslı şirkətlər Azərbaycan ilə əməkdaşlığa can atır

Bakı, 22 yanvar, AZƏRTAC

Hər il olduğu kimi bu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı və keçirdiyi görüşlər ölkəmiz üçün səmərəli oldu. İlk növbədə onu qeyd etmək lazımdır ki, Prezidentin “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşü xüsusilə əhəmiyyətlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.

O bildirib ki, mərkəzi Nyu-York şəhərində yerləşən bu şirkət Amerikanın iri transmilli maliyyə konqlomeratıdır.

“ABŞ-ın 4 ən böyük bankından birinə sahib olan şirkət dünyanın ən böyük sərmayədarlarından biridir. Şirkətin fəaliyyətinin əsas istiqamətlərindən biri bank sektorudur. “J.P. Morgan Bank”ın depozit aktivlərinin həcmi 32,4 trilyon dollardır və illik tranzaksiyalarının həcmi isə 9,7 trilyon dollar təşkil edir. Bankın ABŞ-ın 23 ştatında, eləcə də İspaniya, Fransa, Böyük Britaniya, İsveçrə, Almaniya, İtaliya, Polşa, Avstraliya, Yeni Zellandiya, Yaponiya və başqa dövlətlərdə filialları var. Bank iri məbləğdə sərmayələr yatırmaqla yanaşı, şirkətlərə, digər banklara və dövlətlərə də kredit ayırır. Dünya iqtisadiyyatında mühüm rol oynayan “J.P. Morgan” şirkəti ilə Azərbaycanın əməkdaşlıq əlaqələri ölkəmiz üçün olduqca faydalı ola bilər. Azərbaycanın həyata keçirdiyi beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdə bu şirkətin iştirakı, layihələri maliyyələşdirməsi tərəflər üçün faydalı olar.

Şirkət rəhbərinin Azərbaycan Prezidenti ilə görüşüb müzakirələr aparması da təsadüfi xarakter daşımır. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, bazar iqtisadiyyatının inkişafı istiqamətində atılan addımlar və ən başlıcası isə Orta Dəhliz və Zəngəzur dəhlizləri kimi beynəlxalq əhəmiyyətli layihələr cəlbedicidir. Bu layihələrdə iştirak etməyə can atan dünya miqyaslı şirkətlər əməkdaşlıq üçün müraciət edirlər”, - deyə deputat əlavə edib.

Seçilən
89
azertag.az

1Mənbələr