AZ

ABŞ sakini qarğalara Tramp tərəfdarlarına hücum etməyi öyrədib

ABŞ sakini qarğaları prezident Donald Trampın tərəfdarlarının geyindiyi qırmızı “Make America Great Again” (MAGA) kepkalarını manekenlərdən götürməyə öyrədib. 

HİT.az xəbər verir ki, bu barədə “Futurism” nəşri məlumat verib.

Nəşrin məlumatına görə, “biz_dave” ləqəbli sosial media istifadəçisi bir neçə ay ərzində quşları kepkaların altında gizlədilmiş yeməklərə gəlməyə öyrədib. Başlanğıcda o, kepkanın altına fıstıq, toyuq qalıqları, un qurdları və it yemi qoyub. Təxminən dörd ay ərzində qarğalar bu yeməkləri almağa alışıb.

Sonra kişi quşlara yeməyə çatmaq üçün kepkanı çıxarmağı öyrətməyə başlayıb. Bu mərhələnin təxminən üç ay çəkdiyi qeyd olunur. Yayılmış videolarda qarğaların manekənə yaxınlaşıb qırmızı baş geyimini götürməsi və altındakı yeməyi alması görünür.

Təcrübənin müəllifi etiraf edib ki, məqsədi qarğalarla dostluq qurmaq və ya onlara parlaq əşyaları gətirməyi öyrətmək olmayıb. Onun əsas marağı quşların qeyri-adi davranışlarını və öyrənmə qabiliyyətini müşahidə etmək olub.

Qeyd olunur ki, qarğalar ən ağıllı heyvanlardan sayılır. Tədqiqatlar göstərir ki, onlar mürəkkəb tapşırıqları həll edə, əl işi alətlərdən istifadə edə, insanların üzlərini tanıya və zərər verənlərə qarşı “qərəz” saxlaya bilirlər. Alimlər həmçinin müəyyən ediblər ki, qarğalar rekursiya prinsipini – iç-içə strukturları tanıma qabiliyyətini – başa düşürlər.

Təcrübəçi hesab edir ki, məhz yüksək intellekt quşların bu bacarığı tez mənimsəməsinə imkan verib. Hələ məlum deyil ki, qarğalar eksperimentdən kənarda insanların kepkalarını da götürüblərmi. “Biz_dave” bildirib ki, indiyədək təsdiqlənmiş belə hallar qeydə alınmayıb, amma o, gələcəkdə belə məlumatları maraqla gözləyir.

Samir
 

Seçilən
1
hit.az

1Mənbələr