AZ

Azərbaycanın böyük şəhərlərində də ağıllı şəhər komponentlərinin tətbiqinə başlanılıb - ŞƏRH

Bakı, 22 yanvar, AZƏRTAC

“Şəhərsalma və Memarlıq İli”nin elan olunması barədə imzalanmış Sərəncam şəhərsalma və memarlıq sahəsinə dövlət səviyyəsində verilən strateji önəmin bariz nümunəsidir. Bu sənəd ölkədə urbanizasiya proseslərinin vahid konsepsiya əsasında həyata keçirilməsini, şəhər mühitinin planlı və davamlı inkişafını təmin etməyə yönəlmiş mühüm hüquqi-siyasi baza rolunu oynayır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, Sərəncamın əsas əhəmiyyəti şəhərsalma və memarlıq fəaliyyətinin sistemli şəkildə əlaqələndirilməsində ifadə olunur. “Dövlət qurumları, yerli icra strukturları və aidiyyəti təşkilatlar qarşısında konkret vəzifələrin müəyyənləşdirilməsi bu sahədə koordinasiyanın gücləndirilməsinə, layihələrin vahid yanaşma əsasında icrasına imkan yaradır. Bu isə şəhər mühitində spontan və plansız inkişafın qarşısının alınmasına xidmət edir. 2020-ci ildə Vətən müharibəsində qələbə qazandıqdan sonra Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması, həmin ərazilərdə tarixi memarlıq abidələrinin qorunması və bərpası ilə yanaşı, tamamilə dağıdılmış rayonlarımızda yeni şəhərlərin və qəsəbələrin inşasına da başlanılıb. Bir sözlə, Azərbaycan yeni dövrün çağırışlarına cavab verərək, “ağıllı şəhər” və kənd layihələrini bu ərazilərdə həyata keçirib. Eyni zamanda, Azərbaycanın böyük şəhərlərində də “ağıllı şəhər” komponentlərinin tətbiqinə başlanılıb. Azərbaycan şəhərsalma və memarlıq sahəsində böyük irəliləyişə imza atıb və bu gün Azərbaycanın təqdim etməyə böyük işləri var”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Naqif Həmzəyev qeyd edib ki, sənəd milli memarlıq irsinin qorunması və tarixi şəhər mühitinin mühafizəsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, tarixi abidələrin, memarlıq nümunələrinin bərpası və müasir şəhərsalma prosesinə inteqrasiyası mədəni irsin qorunmasına dövlət zəmanəti kimi çıxış edir: “Bu yanaşma tarixə hörmətlə yanaşı, şəhərlərin estetik və funksional dəyərinin artırılmasını təmin edir. Eyni zamanda, Sərəncam insan yönümlü şəhər modelinin təşviqinə xidmət edir. Rahat, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı yaşayış mühitinin yaradılması, ictimai məkanların genişləndirilməsi və müasir infrastrukturun qurulması şəhər sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsini hədəfləyir. Nəticə etibarilə, Sərəncam şəhərsalma və memarlıq sahəsində yeni mərhələnin başlanğıcı olmaqla, uzunmüddətli inkişaf məqsədlərinə xidmət edən, tarixi, sosial və mədəni əhəmiyyətə malik strateji sənəd kimi dəyərləndirilir. Hazırda bu Sərəncamla bağlı xüsusi layihə hazırlanır və inanıram ki, həmin layihə ilə daha yaxından tanış olduqdan sonra biz 2026-cı illə bağlı fəaliyyət proqramının icrasına başlaya biləcəyik”.

Seçilən
71
azertag.az

1Mənbələr