AZ

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Kişi və qadın boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, tədbir iştirakçı komandaların paradı ilə başlayıb, daha sonra Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov son illər ölkə boksunda mühüm nailiyyətlərin əldə olunduğunu bildirib. O, ötən ilin dekabrında 19 yaşlı boksçu Sübhan Məmmədovun dünya çempionu adını qazanmasını xüsusi vurğulayıb:

“Bu nəticə ilə Sübhan Məmmədov təkcə Azərbaycanda deyil, dünyada ən gənc dünya çempionu tituluna sahib oldu. Sevindirici haldır ki, cari Azərbaycan çempionatında da gənclərdən böyüklər yaş kateqoriyasına keçən bir sıra güclü idmançıları görürük. Bu da yarışda ciddi rəqabətin olacağından xəbər verir”.

S.Hüseynov qeyd edib ki, çempionat “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hazırlıq baxımından da böyük əhəmiyyət daşıyır:

“Artıq Olimpiya Oyunları üçün seçim mərhələsinə start veririk. Milli komandanın heyəti formalaşmalıdır. İnanıram ki, birgə səylərimiz nəticəsində Los-Anceles-2028-də xalqımızı qızıl medallarla sevindirəcəyik”.

Federasiya rəsmisi boks infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işlərə də toxunub. Onun sözlərinə görə, ötən il Cənub Regional Boks Mərkəzi istifadəyə verilib, bu il isə Gəncə və Naxçıvanda müvafiq sahədə ciddi işlər aparılacaq. O, regionlarda yetişən boksçuların sayının artmasının milli komandaların uğurlu çıxışına töhfə verdiyini vurğulayıb.

Çempionatın supervayzeri, Əlcəzair təmsilçisi Sid Ali Mokretari Azərbaycan Boks Federasiyasına dəvət üçün təşəkkür edib və yarışın yüksək səviyyədə, ədalətli şəkildə keçirilməsi üçün çalışacaqlarını bildirib.

Mərasimdən sonra çempionat açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində təşkil olunan yarışda ölkənin müxtəlif şəhər və rayonlarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu mübarizə aparır. Döyüşlər yerli hakimlərlə yanaşı, xarici referilər tərəfindən də idarə olunur. Çempionatın qaliblərinin adları yanvarın 28-də bəlli olacaq.

Seçilən
0
90deqiqe.az

1Mənbələr