Leyla Sariyeva: “Arıqlama çaylarının bəzisi beyinə təsir göstərir və sonradan insanlarda asılılıq yaradır”
Arıqlama çayları son illərdə hər kəsin çəki atmaq üçün müraciət etdiyi alternativ üsullardan biridir. Bu çaylar, təbii maddələrlə bədənə təsir edərək maddələr mübadiləsini sürətləndirmək, iştahı azaltmaq və artıq suyun atılmasına kömək etməyi vəd edir. Ancaq bu çayların zərərlərini saymaqla bitməz.
Qeyd edək ki, son dövrlər kütləvi formada Azərbaycana gətirilən arıqlama çayları ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan məhsulların tərkibində güclü təsirə malik maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkarlanıb.
Həmçinin, son zamanlarda arıqlama çaylarından zəhərlənmə faktları da müzakirələrə səbəb olub.
Qida eksperti Leyla Sariyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, arıqlama çaylarının uzun müddət istifadəsi sağlamlığa təhlükə yaradır: “Bəzən insanlar arıqlamaq üçün yüngül və asan üsullara əl atırlar. Bu üsullar həm zərərli, həm də faydasızdır. Çəki problemi ya psixoloji durumla, ya hormonal pozuntularla, ya da bədəndə müəyyən vitaminlərin və minerallarına çatışmazlığı, fiziki aktivliyin olmaması ilə bağlıdır. Məsələn həddindən artıq yemək amma az hərəkət etmək. Bu faktorlardan irəli gələrək kilo problemi ola bilər. Amma insanlar çay içib arıqlamaq istəyirlər, unudurlar ki, həmin çaylar kimyəvi tərkiblidir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, arıqlama çaylarının bəzisi beyinə təsir göstərir və sonradan insanlarda asılılıq yaradır: “Müəyyən arıqladıcı vasitələrin tərkibində kofeinlər və digər qatqılar var. Məsələn onkoloji ya da mioma, fibroma, kista kimi xəstəliklər varsa, bu arıqladıcı vasitələr xəstəliyə birbaşa təkan verir. Çünki arıqlama vasitələri beyinə impuls çatdırır və insanda doyum hissi yaradır, bu da hormonlara mənfi təsir göstərir. Arıqlama çayları gələcəkdə mədə xorası və qastirt yarada bilər”.
Ekspertin fikrincə, bədən çəkisini və orqanizmi normada saxlamaq istəyənlər, mütləq sağlam qidalanmağa, gündəlik həyat tərzinə, yuxu rejiminə və fiziki aktivliyə diqqət etməlidir: “Yalnız bu yollarla sağlam qalaraq, çəkini qorumaq olar. Qalan digər vasitələr isə insan orqanizminə süni müdaxilə olduğu üçün fəsadları da olacaq”.
Günel CƏLİLOVA