Dondurulmuş Rusiya aktivlərinin gələcək istifadəsi ilə bağlı qərar Ukraynadakı müharibə bitdikdən sonra veriləcək.
Bu barədə Belçikanın Baş naziri Bart de Vever yanvarın 22-də Davosda keçirilən Ukrayna səhər yeməyində çıxış edərkən bildirib.
“Rusiya aktivləri müharibənin sonuna qədər dondurulmuş qalacaq. [Ukrayna və Rusiya arasında] sülh müqaviləsi imzalandıqda, onlar [Rusiya aktivləri] masada görünəcək”, – de Vever bildirib.
O əlavə edib ki, qərar ona qalsa, bütün bu vəsaitlər Ukraynanı dəstəkləmək üçün istifadə olunacaq. Belçikanın Baş naziri deyib: “Moskvaya bir avro da qaytarılmayacaq”. Buna baxmayaraq, o, beynəlxalq hüquqa riayət etməyin vacibliyini qeyd edib. Atəşkəs əldə olunana qədər de Vever bildirib ki, Aİ Ukraynanın müdafiə səylərini maliyyələşdirməyə davam edəcək.
//Samir Qurbanov, Editor.az