Tbilisi, 22 yanvar, AZƏRTAC
Davosdakı çıxışında Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Gürcüstanda və Türkiyədə müvafiq investisiyalar həyata keçirir, enerji daşıyıcıları və tranzit yolları Gürcüstan üzərindən keçir. Əlavə marşrutlara gəldikdə isə, təbii ki, ölkəmiz bunu yalnız və yalnız alqışlayır. Bu, Gürcüstanın vaxtilə mühüm töhfə verdiyi sülhün möhkəmlənməsi fonunda baş verir. Alternativ marşrutun açılmasını Gürcüstan yalnız və yalnız müsbət qarşılayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin Prosedur Məsələləri və Reqlament Komitəsinin sədri Davit Matikaşvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, tranzit baxımından Gürcüstanın rolu və funksiyası faktiki olaraq alternativsizdir. “Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirləri oxuyan hər kəs anlayır ki, söhbət Gürcüstanın tranzit rolunun əvəzlənməsindən deyil, əlavə marşrutun yaradılmasından gedir və bu, yalnız alqışlanmalıdır. Yəni, Gürcüstanın rolu azalmaq əvəzinə daha da artır”, - deyə D.Matikaşvili bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi