ABŞ administrasiyası Havana üzərində siyasi təzyiqləri artırmaq niyyətindədir...
Poliqon xəbər verir ki, bu barədə ABŞ-nin aparıcı nəşrlərindən olan The Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, Vaşinqton administrasiyası 2026-cı ilin sonunadək Kubada mövcud siyasi rejimin dəyişdirilməsinə nail olmağı strateji məqsəd kimi qarşıya qoyub.
Məlumata görə, ABŞ-nin planı birbaşa hərbi müdaxiləni nəzərdə tutmur. Əsas alətlər sırasında iqtisadi sanksiyaların sərtləşdirilməsi, diplomatik təzyiqlərin artırılması, beynəlxalq müstəvidə Havananın təcridinin dərinləşdirilməsi, eləcə də Kuba daxilində müxalif və vətəndaş cəmiyyəti strukturlarına dolayı dəstək mexanizmləri yer alır.
WSJ yazır ki, ABŞ rəsmiləri Kubada davam edən iqtisadi böhran, enerji çatışmazlığı, ərzaq qıtlığı və sosial narazılıqların hakimiyyət üçün ciddi risk yaratdığını düşünür. Vaşinqton hesab edir ki, bu faktorlar düzgün istiqamətləndirilmiş xarici təzyiqlərlə birləşərsə, ölkə daxilində siyasi dəyişikliklər üçün zəmin yarana bilər.
Qeyd olunur ki, ABŞ-nin bu yanaşması Latın Amerikası və Karib hövzəsində birmənalı qarşılanmır. Bir sıra regional ölkələr suveren dövlətlərin daxili işlərinə müdaxiləyə qarşı olduqlarını açıq şəkildə bəyan edir. Kuba hakimiyyəti isə məsələ ilə bağlı verdiyi əvvəlki açıqlamalarda ABŞ-ni “rejim dəyişikliyi siyasəti yürütməkdə” və ölkədə sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edib.
Analitiklərin fikrincə, əgər Vaşinqton bu strategiyanı ardıcıl şəkildə həyata keçirməyə çalışarsa, bu, ABŞ–Kuba münasibətlərində yeni gərginlik mərhələsinə, eləcə də regionda geosiyasi balansın dəyişməsinə səbəb ola bilər.
Poliqon.info