AZ

ABŞ Venesuela üzrə yeni nümayəndə təyin edib

Vaşinqton Karakasla diplomatik əlaqələrin bərpa etməyə hazırlaşır...

ABŞ Venesuela üzrə nümayəndə vəzifəsinə yeni təyinat həyata keçirib. Vaşinqtonun qərarına əsasən, ABŞ-nin Nikaraqua və Hondurasdakı sabiq səfiri Laura Doq ABŞ-nin Kolumbiyadakı səfirliyində Venesuela məsələləri üzrə bölmənin işlər vəkili təyin olunub.

Poliqon xəbər verir ki, bu barədə ABŞ diplomatik nümayəndəliyinin rəsmi saytında məlumat verilib.

Məlumatda qeyd olunur ki, Laura Doqun əsas vəzifələrindən biri Vaşinqton və Karakas arasında uzun müddətdir dayandırılmış diplomatik əlaqələrin bərpası istiqamətində fəaliyyət göstərmək olacaq. “Tiempo” qəzetinin yazdığına görə, ABŞ administrasiyası Venesuela ilə münasibətlərin yenidən qurulması üçün diplomatik kanalları aktivləşdirməyə çalışır.

ABŞ-nin Venesueladakı səfirliyinin internet səhifəsində bildirilib ki, Laura Doq bundan əvvəl Meksika, Salvador, Türkiyə və Misirdə diplomatik fəaliyyətlə məşğul olub və Latın Amerikası ilə yanaşı Yaxın Şərq üzrə də təcrübəyə malikdir.

Xatırladaq ki, yanvarın 9-da ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Venesuelada hərbi əməliyyatlardan sonra ilk dəfə bu ölkəyə səfər edib. Səfərin məqsədi Karakasda ABŞ səfirliyinin fəaliyyətinin bərpa olunması perspektivlərini qiymətləndirmək olub. ABŞ 2019-cu ildə Venesueladakı səfirliyinin fəaliyyətini dayandırmışdı.

Bundan əvvəl, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelaya hücum edib. Partlayışlar Karakasda, eləcə də Fort-Tiuna hərbi bazasında qeydə alınıb. Hədəflər arasında La-Karlota aviabazası, El-Vulkan rabitə stansiyası, La-Quayra limanı və digər strateji obyektlər də olub.

Hücumdan sonra ABŞ prezidenti Donald Tramp əməliyyatı uğurlu adlandıraraq Venesuela prezidenti Nikolas Maduronun və onun həyat yoldaşı Siliya Floresin ABŞ hərbçiləri tərəfindən saxlanıldığını bəyan edib. Bildirilib ki, onlar ABŞ-yə aparılıb və Maduro narkoterrorizm və kokain qaçaqmalçılığı ittihamları ilə məhkəmə qarşısına çıxarılıb.

Poliqon.info

Seçilən
91
poliqon.info

1Mənbələr