Kallas Aİ-nin Ukraynaya qarşı təcavüz cinayətlərini araşdıracaq tribunal üçün 10 milyon avro ayırdığını açıqladı...
Avropa İttifaqı Ukraynaya qarşı törədilmiş təcavüz cinayətlərinin araşdırılması məqsədilə yaradılacaq xüsusi tribunal üçün 10 milyon avro məbləğində ilkin maliyyə vəsaiti ayırıb.
Poliqon xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas X sosial şəbəkəsində paylaşımında bildirib.
Onun sözlərinə görə, ayrılan vəsait yeni Xüsusi Tribunalın formalaşdırılması üçün başlanğıc kapitalı rolunu oynayacaq. Kallas qeyd edib ki, tribunalın əsas məqsədi Moskvanın Ukraynaya qarşı müharibəni başlamasında rol oynayan Rusiya rəhbərliyinin məsuliyyətə cəlb olunmasıdır. O vurğulayıb ki, Rusiya siyasi və hərbi rəhbərliyi döyüş əməliyyatlarına görə birbaşa məsuliyyət daşıyır və bunun hüquqi nəticələri olmalıdır.
Kaya Kallas açıqlamasında əlavə edib ki, bu məsələdə cəzasızlıq qəbuledilməzdir və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq təcavüz cinayətləri cavabsız qalmamalıdır. Onun fikrincə, xüsusi tribunal ədalətin bərpası və gələcəkdə bu kimi müharibələrin qarşısının alınması baxımından mühüm mexanizm olacaq.
Xatırladaq ki, ötən ilin oktyabrında Avropa Şurasının baş katibi Alen Berse Rusiya Federasiyasına qarşı yönəlmiş xüsusi tribunalın yaradılmasına hazırlıq görüldüyünü açıqlamışdı. O bildirmişdi ki, tribunalın işə salınması üçün zəruri təşkilati və hüquqi prosedurlar icra olunur və ilkin mərhələnin maliyyələşdirilməsinə yaxın vaxtlarda başlanacağı gözlənilir.
Poliqon.info