AZ

Sumqayıtda “alma davası”nın pərdəarxası – Əhmədalıyev kimlərdən nələri alır?

Sumqayıt şəhərində son günlər baş verən hadisələr ictimaiyyətin diqqətini çəkib. Şəhərin mərkəzində, Nizami meydanında keçirilən reyd zamanı bir neçə mağazadan məhsulların müsadirə edilməsi sakinlər və sahibkarlar arasında ciddi narazılıq yaradıb.

Sosial şəbəkələrdə yayılan kadrlardan da görünürdü ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun məsləhətçisi Samir Bədəlov reyd zamanı xüsusilə fəallıq göstərib, bu əməliyyatı son dərəcə qaba şəkildə həyata keçirib. Reydin arxasında konkret göstəriş olduğu bildirilir – mağazaların qarşısından ticarətin yığışdırılması tapşırığı verilmişdi.

Eyni zamanda Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Şöbəsinə də oxşar tapşırıq çatdırılıb və nəticədə 10 ilə yaxın fəaliyyətdə olan köşklərin sökülməsi gerçəkləşib.

Maraqlıdır ki, sözügedən köşklər illərdir rəsmi şəkildə fəaliyyət göstərib və müxtəlif dövrlərdə icra strukturlarına ödənişlər olunub. Hər köşk üçün əvvəlcə 2 min manat ödəniş mövcud olub, 2026-cı ildən isə bu məbləğ artırılıb.

Hadisə yalnız reydlə bitmir. Məlumatlara görə, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Şöbəsinin müdiri Rəşad Əhmədalıyev haqqında uzun müddətdir ciddi varlanma iddiaları səngimir. Onun mülkləri haqqında şəhərdə söz-söhbətlər geniş yayılıb. Məlumata görə, 3 il ərzində həddindən artıq varlanan Rəşad Əhmədalıyevin müdirliyi dövründə şəhərin açıq hərraca çıxarıldığı deyilir. Məsələn, köhnə binaların 1-ci mərtəbəsində obyekt qapılarının açılışı üçün icazə 50 min manat olub. Son 3 il ərzində 100-dən artıq belə obyekt açılıb. Bundan başqa, fərdi ev tikintilərinə məcburi 5 min manat, sənədsiz torpaqlarda tikilən evlər üçünsə 10 min manat alınır. Öz qohum-əqrəbaları, dost tanışları üçünsə xüsusi imtiyazlar var.

Başqa bir məlumatda vurğulanır ki, onun bir neçə bahalı maşını, torpaq sahələri, obyektləri var.

Maraqlı iddialardan biri də Rəşad Əhmədalıyevin icra hakimiyyətinin xidməti maşınının qeydiyyat nömrəsini qanunsuz dəyişməsi ilə əlaqədardır. “Volkswagen Passat” markalı avtomobilə məxsus olan 50 AA-007 nömrə nişanını özünə məxsus olan, 2024-cü ildə aldığı şəxsi avtomobili olan “Toyota Camry” markalı maşınına bağlayıb.

Şəhər sakinləri və sahibkarlar iddia edirlər ki, uzun müddət passiv qalan icra strukturları qəfil hücuma keçərək mövcud ticarət obyektlərinə qarşı sərt addımlar atır. Reyd və müsadirələr ictimaiyyətin narazılığına səbəb olub və hüquqi nöqsanlar barədə suallar doğurur.

Maraqlıdır ki, “alma davası” əslində şəhərdə sahibkarlığa qarşı ciddi təzyiqlərin, qanunsuz ödənişlərin və vəzifə səlahiyyətlərinin sui-istifadəsi hallarını ortaya çıxarıb.

Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə keçirilən reyddə baş verən narazılıqla əlaqədar iclas keçirib. O, İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun məsləhətçisi Samir Bədəlovu danlayıb və xəbərdarlıq edib. Samir Bədəlov isə reyd zamanı anlaşmazlıq yarandığını bildirib, bir də belə hallara yol verməyəcəyini deyib. İcra başçısı əməkdaşlara müvafiq tapşırıqlar verib.

AZİA.az

Seçilən
16
3
editor.az

4Mənbələr