AZ

Tasnim: İranda Sepah qüvvələri Hörmüzqanda iğtişaşlarda iştirak edən 15 nəfəri saxlayıb...

Saxlanılan şəxslər son günlər baş verən iğtişaşların əsas təşkilatçıları kimi təqdim olunur...

İranın Hörmüzqan vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının qüvvələri son günlər baş verən iğtişaşların təşkilatçıları və əsas iştirakçıları hesab edilən 15 nəfəri saxlayıb.

Poliqon xəbər verir ki, bu barədə Tasnim Agentliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat fasiləsiz kəşfiyyat monitorinqi, ərazilərdə operativ nəzarət və təhlükəsizlik qüvvələrinin vaxtında müdaxiləsi əsasında həyata keçirilib. İran tərəfi iddia edir ki, saxlanılan şəxslər ABŞ və İsrailin kəşfiyyat xidmətlərinin rəhbərliyi və dəstəyi ilə fəaliyyət göstəriblər.

SEPAH-ın açıqlamasında bildirilir ki, bu şəxslər iğtişaşlar zamanı yanğınların törədilməsində, dini obyektlərin, o cümlədən məscidlərin dağıdılmasında, dövlət və özəl əmlaka ziyan vurulmasında, ictimai asayişin pozulmasında və əhali arasında qorxu mühitinin yaradılmasında iştirak ediblər. Həmçinin onların hərbi və hüquq-mühafizə obyektlərinə hücumlarda da rol aldıqları vurğulanır.

Bundan əlavə, saxlanılanların Fars körfəzi bölgəsində və Kiş adasında yerləşən dövlət radio və televiziya binalarına hücum və bu obyektlərə ziyan vurmaqda ittiham edildiyi qeyd olunur.

Əməliyyat zamanı şübhəlilərdən müxtəlif növ soyuq və odlu silahlar, eləcə də qanunsuz hərəkətlərin törədilməsində və güc nümayişində istifadə edildiyi iddia olunan digər vasitələr müsadirə edilib. İran təhlükəsizlik qurumları araşdırmaların davam etdiyini bildirib.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr