Prezident
İlham Əliyev yanvarın 20-də Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində
"Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi"
mövzusunda keçirilən panel iclasında
iştirak edib. İclasda dövlətimizin başçısı regional təhlükəsizlik, Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşdırılması prosesinin indiki vəziyyəti, tarixi
Vaşinqton razılaşmaları və onun icrası prosesi, iki dövlət arasında etimad
mühitinin formalaşması istiqamətində atılan addımlar, regionun coğrafi mövqeyi
və digər məsələlər ətrafında mövqeyini ifadə edib.
Milli Məclisin
deputatı Elman Nəsirov qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham
Əliyev, ilk növbədə, diqqəti 1991-ci ildə müstəqillik əldə etdikdən sonra heç
vaxt dinc şəraitdə yaşamadığımıza, həmişə müharibə vəziyyətində olduğumuza çəkib:
"Ölkə rəhbəri bildirib ki, yalnız son 5-6 ay ərzində müharibəsiz regionun
necə olduğunu dərk edirik, artıq atəşkəs pozulmur və Vaşinqton razılaşmaları
icra edilir. Bir çox hallarda beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar
icra olunmur. Bu gün müasir beynəlxalq sistemin özündə köklü dəyişikliklər baş
verməkdədir. Beynəlxalq hüquq işləmir, dövlətlər öz aralarında ikitərəfli
formatda münasibətlərin tənzimlənməsi ilə bağlı daha ciddi nailiyyətlərə imza
ata bilirlər. Azərbaycan-Ermənistan münasibətləri də bu baxımdan istisna
deyil".
Deputat
qeyd edib ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesinə töhfələr
verib, artıq sülh sazişi paraflanıb. ABŞ-nin bu prosesə böyük dəstəyi var.
Prezident İlham Əliyev bu baxımdan TRIPP layihəsinə diqqəti cəlb etdi. Dövlət
başçısı Zəngəzur dəhlizinin açılmasının icra prosesindən bəhs edərək bildirdi
ki, bu layihə də reallaşacaq və sözün həqiqi mənasında, Cənubi Qafqaz regionuna
uzunmüddətli və dayanıqlı sülh gələcək. "Cənab Prezidentin bu mövqeyi Ermənistan
Prezidenti tərəfindən də dəstəkləndi. İlham Əliyevin "biz sülh şəraitində
yaşamağa öyrəşməliyik" fikrinin çox ciddi mənası və əhəmiyyəti var. Çünki
sülh şəraitində yaşamaq üçün etimad mühiti olmalıdır və bunu qazanmaq və
formalaşdırmaq lazımdır. Bu istiqamətdə də proseslər davam edir. Bir neçə il
bundan qabaq bu gün baş verən prosesləri proqnozlaşdırmaq mümkün deyildi",
- deyə E.Nəsirov əlavə edib.
E.Nəsirov
bildirib ki, Azərbaycanın neft məhsulları da Ermənistan bazarına daxil olub və
bunun sayəsində orada benzinin qiyməti aşağı düşüb. Bu, onun göstəricisidir ki,
iki ölkə əməkdaşlıq etdikdə, kommunikasiyaların bərpası istiqamətində real
addımlar atdıqda daha yüksək nəticələr əldə etmək olur.
Deputat
vurğulayıb ki, Orta dəhliz və onun mühüm tərkib hissəsi olan TRIPP layihəsi
vasitəsilə Asiyadan yüklər Zəngəzur dəhlizindən keçməklə, Naxçıvana, oradan
Türkiyə və Avropa bazarına çatdırılacaq: "Burada bütün tərəflər uduşlu vəziyyətdədir.
Yəni əməkdaşlıq mühiti ona gətirib çıxaracaq ki, Ermənistan da öz mallarını Azərbaycan
ərazisindən tranzit yolu ilə ixrac edə biləcək. Bununla Ermənistan
iqtisadiyyatı canlanacaq və əməkdaşlıq, etimad mühiti nəticə etibarilə iki
xalqın, dövlətin sülh şəraitində yaşamasını təmin edəcək. Ölkəmizin rəhbərinin
bu mövqeyini Serbiya Prezidenti Vuçiç də dəstəkləyib. O, çıxışının sonunda
fikrini belə ifadə etdi: "Cənab Prezident İlham Əliyevin söylədiyi fikirlərlə
bağlı bir mövqe var: o, həqiqətən də müasir dünyada böyük, dahi liderlərdən
biridir və indiki dövrdə belə bir lideri çox nadir halda görmək olur. Bunun çox
böyük təsir effekti var və bu, danılmamalıdır. Bəli, biz müasir Azərbaycanı
görürük".
Bu, Serbiya
Prezidenti Aleksandar Vuçiçin Prezident İlham Əliyevə verdiyi yüksək qiymətdir.
Dünyanın əksər liderləri də bu mövqeyi bölüşürlər. Prezident İlham
Əliyevin beynəlxalq aləmdə misilsiz fəaliyyəti
sayəsində Azərbaycanın sözünün məna və çəkisi xeyli yüksəlib. Dövlətimizin
başçısının Davos forumunda iştirakı və burada keçirdiyi görüşlər, təmaslar,
panel müzakirələrdə səsləndirdiyi fikirlər və bunlara çox böyük önəm verilməsi
təsdiqləyir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyada çox
böyük nüfuza və hörmətə malik dövlətə çevrilib. Ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin
təmin olunması prosesinə də böyük töhfələr verir".
Əsmər
QARDAŞXANOVA,
"Azərbaycan"