AZ

Yaponiya hökuməti parlamentin aşağı palatasını buraxmaq qərarına gəlib

Nümayəndələr Palatasının buraxılmasından sonra növbədənkənar seçkilər fevralın 8-nə təyin olunacaq...

Poliqon xəbər verir ki, Yaponiya hökuməti yanvarın 23-ü günün ikinci yarısında ölkə parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasının rəsmi şəkildə buraxılmasına qərar verib. Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb. Bildirilir ki, bundan sonra keçiriləcək növbədənkənar Nazirlər Kabineti iclasında 51-ci çağırış Nümayəndələr Palatasına seçkilərin qrafiki təsdiqlənəcək və səsvermənin fevralın 8-də keçirilməsi planlaşdırılır.

Məlumata görə, palatanın buraxılması ilə seçkilər arasındakı müddət cəmi 16 gün olacaq ki, bu da İkinci Dünya müharibəsindən bəri ən qısa zaman kəsiyi hesab olunur. Seçki kampaniyasında əsas məsələlərdən biri 2025-ci ilin oktyabrında vəzifəyə başlamış baş nazir Sanae Takaici administrasiyasına etimadın göstərilib-göstərilməməsi, eləcə də Liberal-Demokrat Partiyası ilə Yaponiya Bərpa Partiyası arasında formalaşmış koalisiya hökumətinə münasibət olacaq.

Nümayəndələr Palatasında ümumilikdə 465 yer var. Onlardan 289-u birmandatlı dairələr üzrə, 176-sı isə partiya siyahıları əsasında formalaşdırılır. Sanae Takaici yanvarın 19-da keçirdiyi mətbuat konfransında qalib nəticəni “hakim partiyaların çoxluq qazanması”, yəni ən azı 233 mandat əldə olunması kimi dəyərləndirib və seçkilərin nəticəsinin onun siyasi gələcəyini müəyyən edəcəyini açıq şəkildə bəyan edib.

Ekspertlərin fikrincə, aşağı palatanın buraxılması ilə səsvermə arasındakı qısa müddət hökumətə parlamentin 2026-cı maliyyə ili üçün büdcə layihəsinə təsir imkanlarını minimuma endirməyə şərait yaradacaq. Yaponiyada maliyyə ili hər il aprelin 1-dən başlayır və büdcənin vaxtında qəbul olunması hökumət üçün xüsusi əhəmiyyət daşıyır.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr