AZ

Qarabağ və Şərqi Zəngəzura dönən soydaşlarımız işsiz qalmırlar

Ötən il ölkə üzrə 567 min nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə edilib

Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibədə dediyi "İş yerləri yaradılır, o cümlədən Qarabağ və Şərqi Zəngəzur da böyük tikinti meydançasıdır. Yəni işləmək istəyən Azərbaycanda özü üçün iş tapa bilər, ya inşaatda, ya kənd təsərrüfatında, ya başqa sahələrdə" sözləri ölkəmizdə yeni iş yerlərinin yaradılması, aktiv məşğulluq proqramlarının genişləndirilməsi sahəsində aparılan ardıcıl işlərdə öz əməli təsdiqini tapır.

2025-ci ildə də aktiv məşğulluq proqramlarının əhatə dairəsi daha da genişlənib. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib, onlardan 189 min şəxs münasib işlərlə təmin olunub. Ümumiyyətlə, Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünəməşğulluq proqramı əhalinin işlə təmin olunmasına, kiçik biznesə çıxış imkanlarına yiyələnməsinə mühüm dəstəkdir. Təkcə 2025-ci ildə 16,8 min nəfər kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 

Proqramın əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırasının genişləndirilməsi işləri də davam edir. Ötən il bu sıraya daha 5 yeni fəaliyyət istiqaməti əlavə olunub. Yeri gəlmişkən, qeyd edək ki, özünüməşğulluq proqramı üzrə iştirakçılara istehsal, xidmət və kənd təsərrüfatı üzrə 30-dan çox zərf təqdim edir. Onu da bildirək ki, özünüməşğulluq proqramının genişlənməsində Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan "Məşğulluğa Dəstək Layihəsi" əhəmiyyətli paya malikdir. Konkret desək, layihə çərçivəsində 26,7 min şəxs üçün kiçik təsərrüfatlar yaradılıb. Layihənin 2025-2029-cu illəri əhatə edəcək 2-ci mərhələsi isə 30 min şəxsi əhatə edəcək. 

Məşğulluğun təminatında mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara malik olmasıdır. Bu baxımdan, Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi peşə kursları onlara əmək bazarına çıxış imkanı qazandırır. Həmin istiqamətdə görülən işlərin davamı olaraq agentlik ötən il daha 18,4 min şəxsi peşə hazırlığı kurslarına cəlb edib. Gənc nəslin əmək bazarına uyğun düzgün peşə seçiminə dəstək verilməsi üçün göstərilən peşəyönümü xidmətlər də davam edir. Son bir ildə 343 min nəfər şəxs bu xidmətlərlə əhatə olunub. 

Keçən il paytaxt və bölgələrimizdə gənclərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədilə "PeşəFest" tədbirləri davam etdirilib. Bu tədbirlərlə paralel olaraq, Bakı və Naxçıvan şəhərlərində ölkəmizdə ilk dəfə olmaqla və gələcək əmək bazarına hazırlığına dəstək məqsədi daşıyan, əmək bazarında baş verən dəyişikliklərin müzakirə edildiyi Gələcəyin Peşələri Sammiti də keçirilib. 

Agentliyin təşkil etdiyi əmək yarmarkaları isə işaxtaranlara işəgötürənlərlə birbaşa ünsiyyət imkanı yaradır. Yarmarkalarda işsiz və işaxtaran şəxslərə müəssisələrdə mövcud olan vakansiyalar, həmin vakansiyalara  dair tələblər barədə məlumat verilir, işəgötürənlər tərəfindən mövcud vakansiyalar təqdim olunur. Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən paytaxt və bölgələrimizdə daha 218 əmək yarmarkası təşkil edilib. 

Aktiv məşğulluq proqramlarının istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərinə öz doğma yurd yerlərində iş imkanları yaratmaqdır. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri aparılmaqla məşğulluq imkanları da daim genişlənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə sıx əməkdaşlıq qurur və bu hesaba doğma yurdlarına qayıdan sakinlər işədüzəltmə, özünüməşğulluq proqramı, peşə hazırlığı proqramı, əmək yarmarkaları və s. kimi məşğulluq proqramları ilə əhatə olunurlar. 

Keçmiş məcburi köçkün olan vətəndaşlarımız doğma yurdlarına köçürülməzdən əvvəl nazirliyin  elektron sistemləri üzərindən təhlillər aparılır və köçürülməzdən əvvəl onlarla görüşlər keçirilir, məşğulluq imkanları qiymətləndirilir. Köçürüldükdən sonra  isə onlar məşğulluq proqramlarına cəlb olunurlar. Doğma yurda dönən iqtisadi fəal soydaşlarımızın artıq 8 min nəfərdən çoxunun məşğulluğu təmin edilib. Bundan savayı, özünüməşğulluq proqramı həmin sakinləri də əhatə edir və bu hesaba 700-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində öz doğma yurdlarında kiçik ailə biznesləri qurulub. Habelə 6200-dək şəxs müxtəlif istiqamətlər üzrə peşə hazırlığı və təlimlərə cəlb edilib. Ümumilikdə Böyük qayıdış proqramı üzrə Qarabağ və Şərqi Zəngəzura köçürülən sakinlərdən əmək qabiliyyətli olanların məşğulluğunun təminatı göstəricisi 90 faizdən çoxdur, hətta bir sıra yaşayış məntəqələrində ölkə üzrə orta göstəricidən yüksəkdir.

Sosial sahədə elektronlaşma işləri çərçivəsində əmək və məşğulluq xidmətlərinin göstərilməsində əvəzolunmaz platforma rolunu oynayan ƏMAS-ın funksiyalarının genişləndirilməsi ilə məşğulluğun təmin olunmasında geniş elektron imkanlar da yaradılıb. Həmin xidmətlər həm işsiz və işaxtaran şəxslər, həm də işəgötürənlər üçün daha da əlçatan olub. Elə ötən ay Dövlət Məşğulluq Agentliyi tərəfindən peşəyönümü və karyera planlamasına dəstək göstərən "Mərkəzi Karyera Portalı" istifadəyə verilib. Portal əmək bazarına dair məlumatların vahid rəqəmsal platformada toplanması, gənclərin peşə seçimi və karyera inkişafı prosesinin dəstəklənməsi, işəgötürənlərin hansı bacarıqlara malik işçi qüvvəsinə tələblərinin olduğu barədə onların məlumatlılığının artırılmasını hədəfləyib.

Bu günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair vahid informasiya bazasının yaradılması məqsədilə "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) "İşədüzəlmədə vasitəçilik" modulu istifadəyə verilib. Bununla da əmək bazarında şəffaflığın artırılması, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi üçün həmin hüquqi şəxslərin reyestrinin aparılması və işədüzəlmədə vasitəçilik fəaliyyəti  üzrə hesabatlılıq prosesi elektronlaşdırılıb.

2026-cı ildə də aktiv məşğulluq proqramlarının genişləndirilməsi əsas prioritetlərdən biridir və cari ildə daha 450 minədək şəxsin bu proqramlara cəlb edilməsi planlaşdırılır. 

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr